Paxılın biri - Ondan imtina etməyə qoymurlar?

11:00 Sabah 140
Paxılın biri - Ondan imtina etməyə qoymurlar?

Hər işdə hər şey bir yerə qədərdir - futbol daxil.

Bəzən arzular gerçəkliyin çox üstünə qalxanda nə edəcəyini bilmirsən, qalırsan çaşbaş.

Valdas Dambrauskas akademik məşqçidir. Bir ildən artıqdır «Sabah»dadır, özünü tanıyan bir mütəxəssis və ya ekspert onun savadına, təcrübəsinə, iş üslubuna ağız büzməyib, büzə də bilməz.

Adam adam kimi nəticə əldə edib ötən müddətdə - Premyer Liqa və ölkə kubokunda titul, ardınca da Çempionlar Liqasında üç təsnifat mərhələsi.

Pley-offa qədər 6 oyunun 5-də qələbə qazanıb, yalnız birində uduzan «Sabah»ın bura gəlib çıxmasının özü özlüyündə möhtəşəm hadisədir.

İlk dəfə bu çapda bir yarışın iştirakçısı olan komandanı liqa mərhələsinin kandarına gətirmək bir məşqçi kimi Dambrauskasın böyüklüyünü isbatlayır.

Ancaq Çempionlar Liqası elə bir üst mərtəbədir ki, burada istənilən çalışdırıcı səhvə yol verə bilər. Litvalı da o cümlədən. O, həmin səhvi «Hapoel»lə matçın ikinci yarısında etdi.

İsraillilərin mərkəzi götürüb, dalğa-dalğa irəli gəlməsinə adekvat cavab vermədi, yanıldı. Bu dəmdə üçüncü hücumçunu meydana buraxmağa gərək yox idi, ondan müdafiəni bir qədər gücləndirməsi tələb olunurdu.

Dambrauskas hesabı qorumaq, arada fürsət yaranardısa, sürətli əks-hücumlar təşkil etmək yolunu seçmədi.

«Hapoel» öz futbol fəlsəfəsi olmayan, hər rəqibə uyğun taktika seçən komandadır.

Müdafiədə az boşluq verən, sakit halda oyunu davam etdirən və yalnız son 25-30 dəqiqədə üçüncü zonada çoxalan, təzyiqi inanılmaz dərəcədə artıran «Hapoel»i mən qətiyyən «Orhus»la bir tərəziyə qoymağın da tərəfdarı deyiləm.

Danimarka çempionu ağıllı taktiki gedişlər mənasında «Hapoel»in bir ayağı da ola, ona çata, yanından yel olub ötə bilməz.

Dambrauskas cavab oyununda Aleksey İsayevi əsas heyətə daxil edəcəkmi? Yaxud İsayevi ilk dəqiqələrdən meydana buraxacaqsa, onu nə vaxt kənara alacaq?

Bəndənizə görə, 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmaq baxımından, baş məşqçinin onunla bağlı verəcəyi qərar hədsiz önəm daşıyacaq. İsayev bu səviyyədə oyunlara yaramır, açığı.

Sən ondan iki-üç mərhələdə yararlanarsan, ancaq rəqibin «Hapoel» gücündə biri olacaqsa, yarımmüdafiənin mərkəzini uduzacaqsan.

Coy-Lens Mikels eqoistdir. Elə ancaq özünü düşünür, özü qol vurmaq istəyir.

Vaxtında ötürmə etməklə arası heç yoxdur. Velko Simiçin kölgəsində qalmasına paxıllıq edir.

Qəbul etmək istəmir ki, serbiyalının qol duyumu bərq vurur, onda isə bu hissin 50 faizi yoxdur. İmtina etmək olmaz ki? Yoxsa qoymurlar?

Simiç 9 yaşlı «Sabah»ın ən uğurlu transferidir. Nemətdir bu komanda üçün. «Sivasspor»dan alınmış bu hücumameylli yarımmüdafiəçi olmasa, Dambrauskasın əl-qolu çox yerdən bağlanar.

ÇL-də altı qol, bir məhsuldar ötürmə müəllifi olan serbin «Hapoel»in qapısına yol tapdığı epizodda boş zonaya necə açılmasını gördüz də, hər şey qutu kimi.

İvan Lepinitsa, Umarali Rahmonaliyev və Akim Zedadka Rumıniyadakı matçda istəniləni vermədi. Nominal ev sahibləri bu üçlüyə nəfəs aldırmadı. Aydın oldu ki, «Sabah»ı təpədən-dırnağa kimi analiz ediblər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!