Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubuna minimal hesabla (1:2) məğlub olan "Sabah"ın hücumçusu Velko Simiç qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, Rumıniyadakı matçda komandasının yeganə qoluna imza atan serbiyalı futbolçu "İctimai TV"yə açıqlamasında cavab oyunundan ümidli olduğunu bildirib:
“Ola bilər ki, bu, bizim ən yaxşı oyunlarımızdan biri deyildi. Amma hər şey ikinci oyundan asılıdır, ümumi nəticə hələ bəlli deyil.
Sözsüz ki, oyunumuzda inkişaf etdirməli olduğumuz məqamlar var”.
29 yaşlı hücumçu Çempionlar Liqasında qol vurmağın sevindirici olduğunu, lakin komandanın uğurunu hər şeydən üstün tutduğunu vurğulayıb:
“Bu mərhələdə qol vurmaq möhtəşəm hissdir. Lakin mənim üçün qollardan da önəmlisi komandanın nəticəsidir.
Əgər Bakıda yaxşı oyunla Çempionlar Liqasının əsas mərhələsinə yüksəlsək, bu mənim üçün qollardan daha böyük mükafat olacaq”.
Təcrübəli futbolçu avqustun 25-də Bakıda keçiriləcək cavab qarşılaşması öncəsi azarkeşlərə də çağırış edib:
“Biz qarşıdakı oyunu böyük səbirsizliklə gözləyirik. Bütün azarkeşlərimizi stadiona gəlib tribunaları doldurmağa çağırıram. Onların dəstəyi ilə yenidən möcüzəvi bir gecə yaşaya bilərik”.
"Sabah" və "Hapoel" arasındakı həlledici cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
