“Sabah” üçün baxın kim gəldi - Üzlər gülür

19:40 Sabah 221
“Sabah” üçün baxın kim gəldi - Üzlər gülür

"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer Şeva" ilə keçirəcəyi ilk oyunun hakimləri məlumdur.

Sportinfo.az xəbər verir ki, matçı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Ona yan xətlərdə həmyerliləri Filippo Meli və Alessio Berti kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Matteo Marsenaro yerinə yetirəcək.

45 yaşlı Davide Massa nüfuzlu hakimlərindən hesab olunur. 2011-ci ildən A Seriyasının oyunlarına təyinat alır ki, geridə qalan 15 ildə yüksək dəstədə 240 qarşılaşmaya baş hakim kimi təyinat alıb.

FİFA hakimi statusuna isə 2014-cü ildə yiyələnib və bu günə qədər 75 görüşdə fit çalıb. Ümumi götürsək, peşəkar karyerasında 416 təyinat var.

Xaraktercə utancaq və qapalı olan Massa Gernoa Universitetində hüquq təhsili alıb. Buna baxmayaraq, hakimliyə keçməzdən əvvəl bank sektorunda çalışıb. Bankdakı iş qrafiki hakimlik fəaliyyətinə mane olduğundan, bu sahədən ayrılaraq bütün diqqətini futbola ayırıb.

Davide azərbaycanlı futbolsevərlərə, xüsusən də “Qarabağ”I yaxından izləyənlərə yaxından tanışdır. İndiyə qədər “köhlən atlar”ın 3 oyununu idarə edib.

04.10.2018 AL Qarabağ – Arsenal – 0:3

06.08.2019 ÇL APOEL – Qarabağ – 1:2

24.02.2026 ÇL Nyukasl – Qarabağ – 3:2

Azərbaycan təmsilçiləri ilə siftəsi 2014-cü ilə təsadüf edib. Keçmiş “İnter”, indiki “Şamaxı”nın matçına görə İsveçə səfər edib.

17.07.2014 AL Elfborq – İnter – 0:1

Beləliklə, italyan referinin iştirakı ilə klublarımız avrokuboklarda 4 oyun keçirib, bunlardan 3-ü səfərdə baş tutub.

“Qarabağ” Kiprdə APOEL-I, “İnter” “Elfborq”u üstələyib. Bu ilin fevralında İngiltərədə keçirilən “Nyukasl” – “Qarabağ” duelində meydan sahibləri minimal hesabla qələbə qazanıb.

Yeri gəlmişkən, italyan referi həmin matçda “Nyukasl”ın qapısına penalty təyin etmişdi. Marko Yankoviç hədəfi dəqiq nişan ala bilməsə də, qayıdan topu Elvin Cəfərquliyev tora qovuşdurmuşdu.

Odur ki, Massanın ayağını səfər görüşlərində bizimkilər üçün düşərli saymaq olar. İnanaq ki, bu dəfə Rumıniyada verəcəyi qərarlar yekunda “Sabah”ın üzünün gülməsinə səbəb olacaq.

Avqustun 19-da “Tapid-Giuleşti” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti