Çempionlar Liqasında pley-offa qədər irəliləyən “Sabah” Premyer Liqaya qələbə ilə başladı.
“Bayquşlar” öz meydanında “Kəpəz”i 2:0 hesabı ilə məğlub etdi.
Baş məşqçi Valdas Dambrauskasın bu qarşılaşmada Çempionlar Liqasında az şans qazanan futbolçulara güvənəcəyi məlum idi ki, belə də oldu.
Lakin iştirak ərizəsində dörd futbolçunun adının yer almaması azarkeşlərdə təəccüb və narahatlıq yaradıb.
Söhbət Amin Ramazanov, Xəyal Əliyev, Zinədin Uld Xaled və Velko Simiçdən gedir.
Sportinfo.az xəbər verir ki, Xəyal xeyli vaxtdır zədədən əziyyət çəkir və hələ də oyun formasını bərpa etməyib. Amin isə ayağında ağrılar hiss etdiyi üçün kənarda qalıb.
Simiçə gəlincə, narahatlıa gərək yoxdur. Litvalı çalışdırıcı komandasının aparıcı simalarından biri sayılan xorvat yarımmüdafiəçiyə istirahət imkanı yaradıb.
Zinədin isə çox güman “Sabah”dan ayrılacaq. Ya da bir müddət əvəzedici komandada top qovacaq. Buna səbəb fransız yarımmüdafiəçinin hazırlıq durumunun baş məşqçinin tələblərinə cavab verməməsidir.
HƏBİB / SPORTİNFO.AZ
