Çempionun Premyer Liqa ilə maraqlanmağa vaxtı olmasa da...

10:40 Sabah 145
Çempionun Premyer Liqa ilə maraqlanmağa vaxtı olmasa da...

«Sabah»ın hələlik bütün diqqəti Çempionlar Liqasındadır.

Valdas Dambrauskasın Premyer Liqa ilə maraqlanmağa vaxtı yoxdur. Bu da təbiddir.

Komandası tarixində ilk dəfə iştirak etdiyi ÇL-də liqa mərhələsinə vəsiqə qazanmaq şansı yaxalayıb.

Üç təsnifat mərhələsində 6 qələbə əldə eləmiş «Sabah» «pley-off»da da «Hapoel»i üstələsə, müasir Azərbaycan futbolunun ən yeni tarixi yazılacaq.

Belə həssas dönəmdə başqa göstəricilər ikinci-üçüncü dərəcəlidir. Dambrauskas «Hapoel»in komandasını təqib altına almasını bildiyindən, «Kəpəz»lə matçda bütün «kartlar»ı açmadı.

Üstünlüyü qarışıq heyətə verdi. Yeni legionerlərə forma haqqı tanıdı, bir də indiyədək az şans qazanan yerlilərə. Onların arasında gənc qapıçı Rəvan Mirzəməmmədovu görmək xoş oldu.

Qarışıq heyət 60 dəqiqə əlahiddə iş görmədi. Yalnız Dambrauskasın müdaxilələri oyunun axarını dəyişdi.

Mikels, İsayev və Puxaçın meydana daxil olmasıyla «Sabah» o «Sabah»a oxşamağa başladı və bu, tabloda əksini tapdı.

Baş hakim Fərid Hacıyevin «Kəpəz»in qapısına təyin etdiyi penaltiyə söz ola bilməz. Dioqo Verdaşkanın Rodriqo Vernandesa qarşı etdiyi kobudluğa referi başqa cür qiymət versəydi, nəticəyə təsir göstərmiş sayılacaqdı.

O isə bu səhvi etmədi. Ardınca da «Sabah»ın iti və ağıllı əks-hücumu Ksander Severinanın əla zərbəsiylə tamamlandı.

Bu epizodun təşkili əla alındı və nə fikirləşdilərsə, sinxron həyata keçirdilər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!