“Sabah”ın ötən mövsümü “qızıl dubl”la başa vurub, Çempionlar Liqasının pley-offuna qədər irəliləməsi klubun “instagram” hesabında əməlli-başlı canlanma yaradıb.
İzləyici sayı 110 minə çatıb, bəzi paylaşımlar 10 min “bəyənmə” yığır, şərhlər də ki, öz yerində.
Aktivliyin artmasındabir futbolçunun xüsusi rolu var. Bu, bir müddət öncə CAR-dan dəvət olunan Eyden Makkartidir.
22 yaşlı mərkəz müdafiəçisi hələ ki, ehtiyat oyunçular skamyasındakı yerini “isitməkdədir”. Rəhman Daşdəmirovla Stiv Solvet tandemi uğurlu olduğundan, baş məşqçi dəyişikliyə getmək istəmir.
Makkartinin “Sabah”a gəlişi ilə səhifəyə afrikalıların axını başlayıb. Həm “bəyənmə”də, həm də rəy yazmaqda azərbaycanlılarla bəhsə giriblər sanki.
Komanda qələbə qazananda bizimkilər təbrik mesajları ünvanlayırsa, afrikalılar Makkartinin davasını edir. Eydenin oynamaması onlar üçün sözün əsl mənasında dərd olub.
Bəziləri “niyə oynamır” şəklində narazılır edirsə, bir az irəli gedib “oynatmayacaqsınızsa, niyə transfer edirsiniz” sualını verənlər də yetərincədir. İndiki məqamda onlar üçün 22 yaşlı müdafiəçinin meydanda olması “Sabah”ın ÇL-in əsas mərhələsinə yüksəlməsindən daha vacibdir.
Belə yerdə deyiblər, keçi can hayında, qəssab piy axtarır.
HƏBİB / SPORTİNFO.AZ
