“Sabah” Çempionlar Liqasının pley-off qarşılaşmasının ilk matçına hazırlaşır.
Azərbaycan çempionu bu dəfə də ilk görüşü səfərdə keçirəcək.
İsraildəki hərbi vəziyyətə görə “Hapoel Beer Şeva” rəqibini Rumıniyada qəbul etmək məcburiyyətindədir.
Odur ki, “Sabah” oyundan iki gün əvvəl – avqustun 17-də günorta saatlarında çarter reysli təyyarə ilə Bakıdan birbaşa Buxarestə yola düşəcək və paytaxtdakı otellərin birində məskunlaşacaq.
Həmin gün komanda üzvləri istirahət edəcək, baş məşqçi Valdas Dambrauskas lazım olan təlimatları verəcək.
Ertəsi, yəni avqustun 18-də Bakı vaxtı ilə saat 21:30-da “Sabah”ın litvalı çalışdırıcı mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Bundan yarım saat sonra ilk 15 dəqiqəsi media mənsubları üçün açıq olan məşq başlayacaq.
Avqustun 19-da”Rapid Giuleşti” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ
