“Sabah”ın digərlərindən əsas fərqi - Uğurun sirri bax budur!

20:20 Sabah 109
“Sabah”ın digərlərindən əsas fərqi - Uğurun sirri bax budur!

“Sabah”ın digərlərindən əsa fərqi - Uğurun sirri bax budur!

“Sabah”ın Çempionlar Liqasındakı fantastik çıxışı dünyaya səs salıb.

Avropanın bir nömrəli klub turnirində debüt edən Azərbaycan çempionu heç kimin gözləmədiyi halda pley-off mərhələsinə qədər yüksəlməyi bacarıb.

Söhbət təbii ki, bəxtə hesablanan uğurdan yox, məhz layiqli qələbələrdən gedir ki, “bayquşlar” meydana çıxdığı 6 oyunun 5-ni qələbə ilə başa vurub və yalnız səfərdə “Orhus”a minimal hesabla – 1:2 uduzub.

“Sabah”ın nəticələri öz yerində. Futbol ictimaiyyətinin diqqətini çəkən əsas məqam təmsilçimizin bütün oyunlarda dominantlıq etməsi və şən futbol sərgiləməsidir.

TNS-i 2:0, 2:1, “KuPS”u 1:0, 2:0, “Orhus”u 4:0 hesabı ilə udan “bayquşlar” sonunculara Danimarkada boyun əyib - 1:2.

Bu, 6 oyunda vurulan 12 qol və buraxılan 3 top deməkdir.

“Sabah”ın uğurunun başlıca sirri təbii ki, hücum futbolu sərgiləməsi, eləcə də Avropa futbolunda görməyə alışdığımız hava ötürmələrinə üstünlük verməsi, standart vəziyyətlərdə məhsuldarlıq göstərməsi, rəqiblərin “ikinci mərtəbədə” məhsuldar oynamasının qarşısını almasıdır.

Razılaşaq ki, Azərbaycan futbolunun istər milli, istərsə də klub turnirlərində ən zəif yeri standart vəziyyətlər olub. Rəqiblərin künc zərbələri əksər vaxt qapımızda qolla nəticələnib. Bizimkilərin yerinə yetirdiyi “duran toplar” isə əksər vaxtlarda zərərsizləşdirilib.

Avropadakı ən uğurlu komandamız “Qarabağ”ın mənfi cəhətlərindən biri standart vəziyyətlərdən qol buraxması, bir oyunda azı 10 kornerin heç birini qola çevrə bilməməsidir.

İşin maraqlı tərəfi odur ki, “Sabah”ın qarşılaşdığı bütün rəqiblər fiziki göstəricilərinə görə öyünən, “ikinci mərtəbədə” inamlı oyunu ilə seçilən Britaniya, Finlandiya və Danimarka çempionları idi.

Buna baxmayaraq, “Sabah” keçirdiyi 6 oyunun heç birində rəqiblərin başla fərqlənməsinə, standart vəziyyətlərdən qol vurmasına imkan vermədi.

Əksinə, özü 12 qoldan 3-nü bu yolla vurdu. TNS-lə Bakıdakı qarşılaşmada Velko Simiç kornerdən gələn topu başla tora qovuşdurdu, uelslilərlə səfərdəki görüşdə Rəhman Daşdəmirov künc zərbəsindən ötürülən topu sol ayağı ilə qapıya göndərdi, “Orhus”la Bakıdakı dueldə Stiv Solvet yenə kornerdən sonra başla fərqləndi.

Valdas Dambrauskas Azərbaycan futboluna yeni dəb, yeni model gətirib. İndiyə qədər görməyə alışmadığımız, illərdir əziyyət çəkdiyimiz cinah asmaları və standart vəziyyətlərə hesablanmış qol vurmaq vərdişini.

“Bayquşlar”ın Çempionlar Liqasındakı uğurunun əsas səbəbi və “Qarabağ”dan fərqi də məhz budur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti