"Sabah" Çempionlar Liqasında hamını təəccübləndirməyə davam edir.
Azərbaycan çempionu olan klubun nüfuzlu yarışda iki mərhələ adlaması tam təbiidir.
Hətta borcu. Əksi fiasko sayılardı.
Valdas Dambrauskas fiaskodan qaçdı, tarix yazmağa davam edir.
Uels, Finlandiya çempionları asanlıqla sıradan çıxarıldı.
Ehtimal etmək olardı ki, üçüncü mərhələ ÇL-də son dayanacaq olacaq.
Əksinə, daha amansız "Sabah" gördük.
Təmsilçimiz bu dəfə Danimarka çempionuna Masazırda nəfəs almağa imkan vermədi.
Meydandan silib-süpürdü. İlk hissə ağır keçdi. Qol imkanları vardı, amma oyun tam da istənilən istiqamətdə getmirdi.
Fasilədə paltardəyişmə otağına qaçaraq Gedən Valdas Dambrauskas yetirmələrinə nə dedi, nə tapşırdısa ikinci hissə qarşısıalınmaz "Sabah" gördük.
Qollar yağış kimi yağdı.
Yekunda 4:0-lıq qələbə komandamızı pley-offa daşıdı.
Çempionlar Liqasında debüt mövsümündə 3 mərhələ adlamaq möhtəşəm nəticədir.
Bəlkə də bir çoxuna "bayquşlar"ın Konfrans Liqasında çıxış etməsi məqbul idi.
Lakin komanda bununla kifayətlənmədi.
Daha böyük uğurlara inandı, addımladı.
Bu da nəticəsi.
Artıq Avropa Liqasına vəsiqə təmin olunub.
Çempionlar Liqasında isə mübarizə davam edir.
Təmsilçimiz Avropanın nüfuzlu yarışının əsas mərhələsinin bir addımlığında rəqibini gözləyir.
Valdas Dambrauskas başda olmaqla bütün kollektivi təbrik edir və qarşıdakı matçlarda uğur arzulayırıq.
Bu nağıl heç bitməsin...
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ
