«Orhus» nə TNS-dir, nə «KupSA».
Danimarka çempionu bir üst levildir.
Bu, səviyyəcə cari avrokuboklar sezonunda Azərbaycan klublarının qarşısına çıxan ən güclü rəqibdir.
«Orhus»la taktiki-texniki və fiziki cəhətdən döyüşmək hamının başı üçün deyil.
Bunun üçün hərtərəfli hazır olmaq, ağıllı mübarizə modelini işə salmaq, diqqətini anlıq o tərəf-bu tərəfə verməməlisən, gözün həm ayağının altını, həm də önünü görməlidir.
«Sabah» bacardı. Fasiləyə az qalmış və fasilədən az sonra qapısında iki qol görməsinə rəğmən. Qollar da nə qollar! Gözəlin gözəli.
Belə qollardan sonra toparlanmaq, hesab arasındakı fərqi azaltmaq hünər istəyir.
«Sabah»da onu gördük. Hətta bərabərlik qolunu da. Təəssüf ki, bir saniyəlik tələskənlik Stiv Solveti qəhrəman statusundan məhrum etdi.
Fransalı müdafiəçinin zərbə mövqeyinə çıxdığı anda oyundankənar vəziyyətin qeydə alınması düz qərardır, hakimləri qınamağa dəyməz.
Bu komandanın lideri 1 nəfərdir - Velko Simiç. Serbiyalı hücumameylli yarımmüdfiəçi klub tarixinin ən yaxşı tapıntısıdır.
Simiç olmasın, «Sabah» mövcud gücünün 60 faizini itirər. Coy-Lens Mikels və başqaları onun yoxluğunda bu yükü daşımaq, lokomotiv olmaq iqtidarında deyil.
Ümumiyyətlə, valdas Dambrauskas sistem komandası yaradıb. Son 10-15 ildə «Qarabağ»dan başqa heç kim belə bir işçi komanda qura bilməmişdi.
Qurban Qurbanov artıq əmin olsun - «dublikat»ı düz gözünün qarşısındadır.
«Orhus»u udmaq və keçmək mümkündür. Real bir şeydir bu. Sadəcə, inanmaq kifayətdir: «Sabah» artıq qarşısındakını daha yaxından tanıyır.
MUSA
