"Sabah" Çempionlar Liqasında asan təslim olmaq fikrində deyil.
Valdas Dambrauskasın yetirmələri bu dəfə məharətini daha ciddi publika, rəqib önündə ortaya qoydu.
Bəli, Danimarka çempionu "Orhus" nə TNS idi, nə də "KuPS".
Bunun isə "Bayquşlar"a heç fərqi yoxdur.
Əvvəlki 4 qarşılaşmada olduğu kimi meydanda bir komanda vardı - "Sabah".
Təmsilçimiz çox qısa müddətdə meydana adaptasiya oldu, səfərdə oynadığını unutdu.
Üçüncü zonada pressinq, qazanılan toplar və qurulan ardıcıl hücumlar.
Top gah dirəkdən qayıtdı, gah da tirdən.
Rəqib qapıçı da məharətini göstərməli oldu.
Bütün bunları oxuyan hər kəs böyük hesablı qələbə qazandığımızı haqlı olaraq düşünə bilər.
Təəssüf ki, hamını üzən yalnız tablodakı rəqəmlər oldu - 1:2.
Bogere iki elə qol vurdu ki, ayaqüstə tamaşa etməkdən başqa çarə qalmadı.
Danımarkalıların görüb-görəcəyi elə bu oldu.
Vəssalam.
Qalan bütün komponentlərdə "Sabah" rəqibini aşkar üstələdi.
Məğlubiyyətə rəğmən "Sabah"ın pley-off mərhələsinin qapısını araladı deyə bilərik.
Çünki ilk oyun gələcəklə bağlı müsbət mesajlar verdi.
Qalır, Bakıdakı matçda Orhusdakının davamını gətirmək.
Heyətdə, taktikada ciddi nəsə dəyişmək lazım deyil.
Bircə ələ düşən qol fürsətlərini iş əmsalını qaldırmaq bəs edər.
Ki, "Orhus"un işini Masazırda bitirmək baş tutsun.
XANOĞLAN / SPORTİNFO.AZ
