“Sabah” ən çox nədən ehtiyat etməlidir?

19:00 Sabah 101
“Sabah” ən çox nədən ehtiyat etməlidir?

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsi davam edir.

“Sabah” Danimarka səfərində “Orhus”la qarşılaşacaq.

İlk təhlükə “Orhus”un matçlara yüksək enerji ilə başlamasıdır.

“Lex Poznan”la cavab görüşündə danimarkalılar ilk oyunda aldıqları 1:4 hesablı məğlubiyyətdən sonra Polşada inanılmaz geridönüş etdilər.

“Orhus” əsas vaxtda 3:0 hesablı üstünlük qazandı, əlavə vaxtda ümumi hesabı bərabərləşdirdi və penaltilər seriyasında mərhələni keçdi.

Bu, komandanın yalnız taktiki deyil, psixoloji cəhətdən də sonadək mübarizə aparmağa qadir olduğunu göstərdi.

“Sabah” xüsusilə ilk 15-20 dəqiqədə meydanın mərkəzində top itkilərindən yayınmalıdır. “Orhus” topu rəqib qapısına yaxın zonada qazandıqda hücumu ləngitmir.

İlk ötürmə çox vaxt irəli verilir, cinah futbolçuları dərhal cərimə meydançasına istiqamətlənir, yarımmüdafiəçilər isə ikinci tempdə hücuma qoşulurlar.

“Sabah”ın dayaq zonasında topu qəbul edən futbolçu arxası qapıya olarkən təzyiq altında qalarsa, təhlükəli keçid hücumu yarana bilər.

İkinci mühüm təhlükə cinahların müdafiəsidir. Gift Links və Tobias Bech yalnız xətt boyunca hərəkət etmirlər.

Onlar tez-tez daxili koridorlara girərək rəqibin cinah müdafiəçisi ilə mərkəz müdafiəçisi arasında qərarsızlıq yaradırlar.

Cinah müdafiəçisi onların arxasınca mərkəzə daxil olduqda, “Orhus” kənar zonanı digər futbolçunun irəli çıxışı üçün açır. Müdafiəçi mövqeyində qaldıqda isə cinah futbolçusu topu üzünü qapıya çevirərək qəbul edir.

Bu səbəbdən “Sabah”ın cinah müdafiəçiləri rəqibə qarşı daim təkbətək buraxılmamalıdır. Cinah yarımmüdafiəçiləri müdafiəyə vaxtında qayıtmalı, dayaq yarımmüdafiəçilərindən biri isə cinah və mərkəz müdafiəçisi arasındakı yarımzonanı bağlamalıdır.

Üçüncü təhlükə standart vəziyyətlərdir. “Orhus” heyətində fiziki cəhətdən güclü, hava mübarizəsində təcrübəli futbolçular var. Henrik Dalsgaard kimi yüksək səviyyəli təcrübəyə malik müdafiəçilər künc zərbələri və cinah cərimələri zamanı ciddi təhlükə yaradırlar.

“Orhus” Danimarka çempionluğunu təmin etdiyi “Bröndbü” ilə səfər oyununda da hesabı məhz Dalsgaardın künc zərbəsindən sonra vurduğu qolla açmışdı.

“Sabah” cərimə meydançası daxilində yalnız topun düşəcəyi əsas nöqtəni deyil, ikinci top zonasını da nəzarətdə saxlamalıdır.

“Orhus”un yarımmüdafiəçiləri cərimə meydançasının qarşısında qalan toplara sürətli reaksiya verirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti