Hazırda Danimarka mediasında “Sabah”ın oyun modeli və ayrı-ayrı futbolçuları haqqında çox dərin taktiki materiallar geniş yayılmayıb.
Yazıların əsas hissəsi “Orhus“un “Lex Poznan” üzərindəki tarixi geridönüşünə, qarşıdakı mərhələnin təqviminə, Bakı səfərinə və bilet satışına həsr olunub.
Kluba yaxın mənbələr “Sabah”ı Azərbaycan çempionu və növbəti ciddi Avropa maneəsi kimi təqdim edirlər, lakin ümumi informasiya fonunda danimarkalıların öz komandalarını cütün favoriti hesab etdikləri hiss olunur.
Məhz bu yanaşma “Sabah” üçün əlavə motivasiya ola bilər.
“Orhus“ güclü və sistemli komandadır, lakin “Lex”lə ilk görüşdə buraxdığı səhvlər və yeni mövsümün ilk iki turunda “Bröndbü” və “Lünqbü” ilə heç-heçələr göstərir ki, rəqib hələ optimal sabitliyə çatmayıb.
Danimarka çempionatının ilk iki turundan sonra “Orhus“un aktivində iki xal var.
“Sabah” Danimarkadan minimal məğlubiyyətlə deyil, mümkün qədər bərabər və idarəolunan nəticə ilə qayıtsa, Bakıdakı cavab görüşündə hava şəraiti, doğma meydan və azarkeş dəstəyi cütün taleyini dəyişə bilər.
Bunun üçün isə ilk matçda səbir, taktiki intizam və keçid hücumlarında yüksək effektivlik əsas şərtlər olacaq.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək mücadilə saat 20:30-da Ranners stadionunda start götürəcək.
Qarşılaşmanı sloveniyalı FİFA referisi Rade Obrenoviç idarə edəcək.
SPORTİNFO.AZ
