“Sabah” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün Danimarkada “Orhus”la qarşılaşacaq.
Matç saat 20:30-da Ranners stadionunda start götürəcək.
Qarşılaşmanın Randersdə keçirilməsi “Sabah” üçün müəyyən üstünlük də sayıla bilər.
”Orhus” öz tarixi stadionunda deyil, müvəqqəti olaraq Randersdə oynayır.
Bununla belə, klub matç üçün ayrılan təxminən 9 min yerin hamısının satıldığını açıqlayıb. Yəni “Sabah”ı emosional və səs-küylü atmosfer gözləyir.
“Lex Poznan” üzərində tarixi geridönüşdən sonra ”Orhus”un futbolçuları və azarkeşləri öz güclərinə daha çox inanırlar.
Bu səbəbdən danimarkalıların ilk dəqiqələrdən təzyiqi artırması, erkən qol axtarması və “Sabah”ı öz cərimə meydançasına sıxışdırmağa çalışması mümkündür.
Lakin bu emosional yüksəliş “Sabah”ı gözəl fürsətlə üz-üzə qoyacaq.
”Orhus” həddindən artıq irəli atılarsa, müdafiənin arxasında boşluqlar verəcək. “Sabah” ilk təzyiq dalğasını soyuqqanlı şəkildə keçə və topu qazandıqdan sonra sürətli hücum qura bilsə, rəqibin oyuna yanaşmasını dəyişəcək.
”Orhus” bu cütün favoriti hesab oluna bilər. Komandanın daha yüksək tempə, fiziki gücə, geniş Avropa təcrübəsinə və balanslı oyun modelinə malik olduğu aydındır.
Ancaq “Sabah”ın şansı kifayət qədər realdır.
İlk oyunda emosiyalara qapılmadan, xətlər arasında kompaktlığı qoruyaraq, cinahların arxasındakı boşluqlardan istifadə etməli və standart vəziyyətlərdə maksimum diqqətli olmalıdır.
Məqsəd yalnız müdafiədə dayanmaq deyil, ”Orhus”a hər top itkisinin təhlükəli əks-hücumla nəticələnə biləcəyini hiss etdirmək olmalıdır.
SPORTİNFO.AZ
