"Sabah" bu gün vacib oyuna çıxır.
Gözlər Danimarkada olacaq.
Tarixində ilk dəfə məhz bu yay Konfrans Liqasının liqa mərhələsində iştirak hüququ əldə etmiş "bayquşlar" daha böyük tarixi uğurun astanasındadır.
Bunun üçün ilk addım "Orhus"la səfər oyununda atılmalıdır.
Son Danimarka çempionunu mübarizədən kənarlaşdırmaq üçün səfər meydanında əldə olunacaq nəticə vacibdir.
Bəs bunun perspektivi nə qədərdir?
Futbol ictimaiyyətini izləyən futboldan kənarda biri elə düşünə bilər ki, təmsilçimiz üçün sıradan bir klub rəqib olub.
Mərhələ adlamaq əlin içində kimidir.
Bu cür fikirlərin yayılmasında isə bir fakt əsas rol oynayır.
O da "Orhus"un mübarizədən kənarlaşdırdığı "Lex"ə ilk oyunda doğma divarlar arasında 1:4 məğlub olmasıdır.
Həqiqətən də ilk baxışdan haqq verməmək mümkün deyil.
ÇL-də, özü də doğma meydanda belə yenilgi bir çempiona yaraşmır.
Amma vəziyyət heç də deyilən qədər rahat, rəqib də münasib deyil.
Danımarkalıların Polşa çempionuna ilk matçda darmadağın olmasının arxada bir səbəb durur.
Komandanın matçın üçdə iki hissəsini azlıqda keçirməsi.
Həmin anda hesab 0:1 olub.
"Orhus" azlıqda qalandan sonra daha bir qol buraxıb - 0:2.
Amma say azlığına, bu cür hesaba rəğmən yenə təslim olmayıb.
60 dəqiqə döyüşüb, fərqi belə azaltmağı bacarıb.
Hesab yalnız son yarım saatda böyüyüb.
Bu da təbii ki, azlıqda qalan komandanın fiziki gücünün tükənməsinə daha çox bağlıdır.
Hətta 1:4 rəğmən "Orhus" sona qədər yaxşı qol imkanlarına girə bilib.
Sadəcə fərqlənmək mümkün olmayıb.
Qısası, haqqında bəhs etdiyimiz 1:4-ü əldə bayraq tutub, rəqibi zəif görmək əsla olmaz.
Əksinə, həmin oyunu izləyən hər kəs şahid olar ki, rəqib fantastik azarkeşləri önündə nə qədər inadkar, sürətli, keyfiyyətlidir.
"Sabah" diqqətsizliyi azacıq itirsə, hətta böyük hesablı məğlubiyyət belə yaşana bilər.
Ona görə Valdas Dambrauskasın yetirmələrinin başının altına yastıq qoymaq olmaz.
Yaxşı nəticə üçün 90 dəqiqə ayıq-sayıq olmaq, mübarizə aparmaq, döyüşmək əsas şərtdir.
Yalnız bu halda arzuladığımız, gözlədiyimiz nəticə gələ bilər.
XANOĞLAN / SPORTİNFO.AZ
