Çempionlar Liqasında TNS (Uels) və “KuPS” (Finlandiya) kimi rəqiblərini mübarizədən kənarlaşdıran “Sabah” bu dəfə daha ciddi sınaq qarşısındadır.
3-cü təsnifat mərhələsindəki rəqib son Danimarka çempionu “Orhus”dur.
Mübarizəyə 2-ci raunddan başlayan “ağlar” burada “Lex” səddini inamla adlayıb. Öz meydanında 4:1 uduzmasına baxmayaraq, səfərdə eyni hesabla qələbə qazanaraq penalti seriyasında üstünlük nümayiş etdirərək “Sabah”a rəqib olub.
Polşa nəhəngi ilə oyunlar göstərdi ki, “Orhus” komanda şəklində kifayət qədər inamlı təsir bağışlayır.
Texnika, sürət, dözümlülük, müdafiədən hücuma çıxmaq – bütün cəhətlərdə hazırlıqlı olduğu görünürdü. Xətlərarası anlaşma isə komandanın ən üstün tərəfidir.
Lakin bir futbolçu var ki, ona xüsusi diqqət yetirmək mütləqdir – Frederik Emmeri.
“Orhus”un yetirməsi olan istedadın cəmi 19 yaşı var. Sağ ayağı işlək olsa da, yarımmüdafiənin sol cinahında yer alır. Başqa cür desək, sol cinah hücumçusudur.
Ən güclü tərəfi driblinq bacarığıdır. Təkbətək epizodlarda rəqibini rahat şəkildə keçməyi bacarır. Sürətli istiqamət və cinah dəyişmələri ilə seçilir.
Qısa məsafədə inanılmaz sürətlənməyə sahibdir. Cinahboyu irəliləyir, fürsət tapan kimi mərkəzə meyillənib ya zərbə vurur, ya da ötürmə verir. Rəqibib müdafiəçi ona qarşı fərdi oynayanda yayınmağı yaxşı bacarır.
“Orhus”un hücumları əsasən “39 nömrə”nin yer aldığı cinahdan qurulur.
Driblinq, sürət və cinahdan mərkəzə daxil olma xüsusiyyətlərinə görə “Sabah”ın “Bazel”ə satdığı Aaron Maludanın xatırladır.
Bir şey dəqiqdir ki, təcrübəli Akim Zedadkanın işi çox çətin olacaq. Təbii ki, həmin cinahda yer alan vinger Kahim Parris mütəmadi komanda yoldaşına kömək etməlidir.
Avqustun 5-də “Randers” stadionunda baş tutacaq “Orhus” – “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:0-da start götürəcək.
Cavab qarşılaşması 11 avqustda “Banks Respublika Arena”da reallaşacaq və saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
