"Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir.
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru, Olimpiya çempionu İqor Ponomaryov deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) matçı dəyərləndirib:
"Komandamız çox yaxşı oyun göstərdi. Hiss olunurdu ki, rəqib oyuna çox yaxşı hazırlaşıb. İlk hissədə "KuPS" həqiqətən yaxşı çıxış etdi.
Kənardan baxanda görünürdü ki, xüsusilə ilk hissədə futbolçularımıza süni örtüklü meydan müəyyən çətinlik yaradır".
O, ilk qoldan sonra durumun dəyişdiyini söyləyib:
"Komanda özünü daha rahat hiss etməyə başladı. Bunun nəticəsi olaraq sürətli əks-hücum zamanı daha bir qol vurduq.
Oyuna gəlib komandamızı tribunadan dəstəkləyən bütün azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, stadionda olmasalar da, bizi izləyən və komandamıza azarkeşlik edən hər kəsə minnətdaram.
İndi isə diqqətimizi növbəti oyuna yönəltməli və unutmamalıyıq ki, biz istənilən rəqiblə mübarizə aparmağa qadirik".
"Sabah" Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasını iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edib.

