“Sabah” tarixinin ən vacib axşamlarından biri Finlandiyada yaşandı.
“KuPS”u iki oyunun yekununda 3:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldilər və bununla yanaşı, minimum Konfrans Liqasının əsas mərhələsində iştirakı təmin etdilər.
Bu, klub tarixində ilk Avropa qrup mərhələsi olacaq və Azərbaycan futbolu üçün də əlamətdar uğurlardan biridir.
Bundan əvvəl Finlandiya mətbuatında əsas fikir “KuPS”un doğma meydanda oyuna yüksək intensivliklə başlayacağı, fiziki üstünlüyündən istifadə edəcəyi və erkən qolla qarşıdurmanın taleyini dəyişməyə çalışacağı idi.
Bununla belə, “Sabah” ilk oyunda yaratdığı üstünlüyü təsadüfən əldə etmədiyini cavab matçında da nümayiş etdirdi.
İlk görüşdə Masazır təmsilçisi statistik baxımdan da rəqibini üstələmişdi. “Sabah” topa təxminən 64% nəzarət etmiş, 13 zərbə (4-ü qapıya) endirmiş, “KuPS” isə cəmi 3 zərbə (1-i qapıya) ilə yadda qalmışdı.
Künc zərbələrində də üstünlük 5:0, təhlükəli hücumlarda isə 114:64 idi. Bu rəqəmlər oyunun hansı komandanın nəzarəti altında keçdiyini aydın şəkildə göstərirdi.
Cavab qarşılaşmasında isə ssenari fərqli olsa da, nəticə dəyişmədi. “KuPS” ilk dəqiqələrdə daha çox topa sahib olmağa və yüksək presinq hesabına təzyiq yaratmağa çalışdı.
Lakin “Sabah” panikaya düşmədi, müdafiə blokunu kompakt saxladı, xətlərarası məsafəni qorudu və rəqibə açıq imkanlar vermədi.
Top qazanıldıqdan sonra komanda sürətli keçidlər hesabına boş zonalara çıxaraq, oyunun ritmini öz nəzarətinə aldı.
Bu yanaşma matç irəlilədikcə öz bəhrəsini verdi və “Sabah” ümumi hesabda üstünlüyünü daha da artıraraq mərhələni inamla başa vurdu.
SPORTİNFO.AZ

