"Sabah" Finlandiyada tarix yazdı.
Evdə olduğu kimi, səfərdə də "KuPS"u məğlub edən "bayquşlar" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazandı.
Təmsilçimiz bununla həm də minimum Konfrans Liqasında iştirak etməyi özü üçün təmin etmiş oldu.
Masazır klubu bu uğura nail olan 4-cü Azərbaycan klubudur.
Daha əvvəl "Qarabağ", "Neftçi" və "Qəbələ" liqa mərhələsində çıxış etməyi bacarıb.
Tarixi uğurun memarı sözsüz ki, baş məşqçi Valdas Dambrauskasdır.
Litvalı əla kollektiv formalaşdıra bilib.
Hətta Aron Maluda kimi əsas fiqurun gedişi də "tələbələr"ə heç bir təsir etmədi.
Komanda ardıcıl 4 qələbə ilə yoluna davam edir.
Hər zaman yerli məşqçilərin, yerli futbolçuların inkişafında maraqlı olmuşam.
Buna klublarımızı təşviq etmişəm.
Amma Dambrauskas kimi əcnəbilərə də "yox" deməmişəm.
Əgər ölkəmizə gələcək əcnəbilər Valdas Dambrauskas qədər bacarıqlı, işini bilən, intizamlı biri olacaqsa...
Bu cür gəlmələrə nəinki futbolumuzun qapısı, hətta pəncərələri də açıqdır.
Eyni sözlər meydandakı alqışalayiq oyunu ilə gözoxşayan Lepiniça, Puxaç, Simiç, Zedadka kimi əcnəbi futbolçulara da aiddir.
Böyük pullar müqabilində ölkəmizə gətirilən legionerlər ortaya məhz bu cür iş qoymalıdılar, yerlilərdən ən azı bir baş üstün olmalıdılar.
Ki, bizim də iradımıza yer qalmasın.
Əvəzində xoş sözlər yazaq, təbrik edək.
Sabahın işıqlı olsun, "Sabah"!
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

