Azərbaycan komandasının başına bəla olacaq əsas problem burada!

21:20 Sabah 226
Azərbaycan komandasının başına bəla olacaq əsas problem burada!

Çempionlar Liqasında mübarizə aparan “Sabah” çətin sınaq qarşısındadır.

Təmsilçimiz 3-cü mərhələyə yüksəlmək üçün iyulun 28-də Finlandiyada meydana çıxacaq.

Rəqib ötən həftə Bakıda 0:1 hesabı ilə məğlub olan KuPS-dur.

Hesabın sürüşkən olması, finlərin qapıda və müdafiədə inamlı təsir bağışlaması, üstəlik, doğma divarlar amili rəqibin xeyrinə işləyən məqamlardır.

“Sabah” Kuopio şəhərində sərfəli nəticə qazanaraq mərhələni keçməyi bacarsa, həm klub tarixində ilk dəfə Konfrans Liqasının əsas mərhələsini təmin edəcək, həm də cari mövsümdə əsas mərhələyə yüksələn ilk klubumuz olacaq.

“Tələbələr”in ziyanını işləyən məqamlardan biri KuPS-un doğma meydan amilindən istifadə etmək bacarığıdır.

Uzağa getməyib, ötən mövsümdən bu yana olan nəticələrə nəzər salanda, ümumi mənzərə aydın olur.

“Sarı-qaralar” mübarizəyə Çempionlar Liqasından başlayıb, Avropa Liqasına yuvarlanıb, yekunda Konfrans Liqasının əsas mərhələsində çıxış edib. “Vardar”la oyunlar isə cari mövsümdə reallaşıb.

“Vare Arena”dakı nəticələr bu cür başa çatıb.

KuPS – Milsami (Moldova) – 1:0

KuPS – Kayrat (Qazaxıstan) – 2:0

KuPS – RFS (Latviya) – 1:0

KuPS – Midtülland (Danimarka) – 0:2

KuPS – Drita (Kosovo) – 1:1

KuPS – Slovan Bratislava – 3:1

KuPS – Lozanna Sport (İsveçrə) – 0:0

KuPS – Lex (Polşa) – 0:2

KuPS – Vardar (Şimali Makedoniya) – 2:3

Statistikadan da göründüyü kimi, finlər son 9 ev matçının 3-də məğlub olub. Onlardan 2-sinin gücünə qabartmağa gərək yoxdur – “Lex” və “Midtülland” Avropa futbolunun təcrübəlilərindən hesab olunur.

“Vardar”a yenilgini isə arxayınlıqla bağlamaq lazımdır. İlk qarşılaşmada səfərdə 2:0 hesablı qələbə “Sabah”ın rəqibini sözün əsl mənasında arxayınlaşdırmışdı.

Son illər avrokubokların qrup mərhələlərinin mütəmadi iştirakçılarından sayılan RFS, ötən mövsüm Çempionlar Liqasının əsas mərhələsinə yüksələn “Kayrat”,2 il əvvəl Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmış “Slovan Bratislava” məhz ötən il “Vare Arena”da məğlubiyyət acısı yaşayıb.

Bəzən uğursuzluqlar qeydə alınsa da, KuPS-un doğma azarkeşlərinin qarşısında inamlı təsir bağışlayaraq qələbə qazanmaq bacarığına sahib olması danılmaz faktdır.

“Sabah” rəqibinə bu üstünlükdən yararlanmaq imkanı verməmək üçün ilk dəqiqələrdən nəzarəti əlinə almalı, pressinq etməli, hücumlara ara verməməli, KuPS-u Bakıdakı kimi müdafiəyə çəkilməyə məcbur etməlidir.

İyulun 28-də keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti