"Sabah" yeni mövsümdən ev oyunlarını Mərdəkanda yerləşən "Bona Dea Arena"da keçirəcəyi deyilir.
Tərəflər arasında anlaşma imzalandığı isə dəqiqdir.
Ötən mövsüm adıçəkilən stadionun xidmətindən istifadə edən "Araz Naxçıvan" da buradan uzaqlaşıb.
Deməli, "bayquşlar"ın qərarı qətidir.
Bilirik ki, "Sabah" ötən mövsümdən Şüvəlanda məskunlaşır.
Tarixin yaddaşına qovuşmuş "Azal"a məxsus arenada məşqlərini keçir. Yəqin ki, Mərdəkan seçimində bu da ciddi rol oynayıb.
Amma heç də uğurlu addım olmayacağını indidən iddia etmək olar.
Hə, klub üçün gediş-gəliş rahat olacaq.
Məşq və oyun meydançaları yaxınlıqda yerləşir.
Lakin ən önəmli məsələdə klub ciddi boşluğa düşəcək.
Söhbət təbii ki, azarkeş faktorundan gedir.
Masazırda az iş görülməmişdi.
Tədricən bir ənənə qurulurdu.
Müəyyən azarkeş kütləsi də formalaşmaqdaydı.
Vacib oyunlarda tribunlara dolurdu. Tək Masazır yox, ətraf kənd və qəsəbələrdə də kluba simpatiya artmaqdaydı.
Ortalama hər oyuna 1000 nəfərin üstündən tamaşaçı gəlirdi.
"Bayquşlar"ın uğurlu dönəmdə olduğunu nəzərə alsaq, say birə-beş arta da bilərdi.
Nə qədər qəribə olsa da rəhbərlik fərqli qərar verdi.
Mərdəkanda isə Masazırdakı resurslar yoxdur.
İki qat əziyyət çəksən belə bir bağlılıq, azarkeş marağı yaratmaq hətta da mümkünsüzə bərabər görünür.
XANOĞLAN / SPORTİNFO.AZ

