“Sabah”ın nifrət qazanan “çürük alma”sı - Niyə ona əl dəymirlər?

14:40 Sabah 172
“Sabah”ın nifrət qazanan “çürük alma”sı - Niyə ona əl dəymirlər?

Bəzən bir çürük alma 1 ton meyvəni zay edir.

«Sabah»dakı o çürük alma Coy-Lens Mikesldir.

Dörd ildir burada olan almaniyalının başlarınqa açmadığı «oyun yoxdur». Hər iki ildənbir hoqqa verməyə adət edib.

Bir dəfə qaçıb Səudiyyə Ərəbistanına getmişdi, oranın birinci liqasına. Pulun istisinə necə qızınmışdısa, bayılmışdı az qala.

«Partizan»la səfər matçına yollanmaqdan imtina etməsi, media və sosial şəbəkə üzərindən klub rəhbərliyinə yağdırdığı irad/ittihamlar yadımızdan çıxmayıb hələ.

Bu azmış kimi, ayyarım öncə «Sabah»dan təkrar ayrılmaq fikrinə düşməsi, yalnız ödənişinin istənilən səviyyədə artırılmasına nail olandan sonra müqaviləsini 2 illik yeniləməsini demirik.

Vallah, «Sabah»ın rəhbərliyi üzüyumşaq adamlardır. Mikelsin meydandan kənarda etdiyi hərəkətliyi, natəmizliyi ona keçirlər.

Çox yumşaq davranırlar onunla. Hədsiz dərəcədə. Olmayacaq qədər.

Bitməyəcəkmi bu Mikels eşqi?

Nə vaxt bitərsə, «Sabah»ın ağappaq günləri də o zaman başlayar. Bu, «iki vur iki» qədər sadə hesablamadır.

Valdas Dambrauskasın hücumçu seçimi çox deyil, amma var. Baş məşqçi nədənsə həmişə üstünlüyü Mikelsə verir.

Güman edirik ki, rəhbərlik onun üstündən litvalıya təzyiq göstərir, «oynat, oynat» deyir. Desinlər, amma gərək o da oynasın da. Oynamır axı.

Çox xəsisdir. Özündən başqasının qol vurmasını, sevinməsini istəmir. Əsl paxıldır. «KuPS» nədir, «Sabah» onları Masazırda «aşsüzən»ə döndərməli idi.

Finlandiya çempionu heç TNS qədər olmadı - «Sabah» qapıları ağzında saysız epizoda girdi, qolu qoxuladı.

Uels komandası müdafiədə bu qədər boşluq vermirdi, «KuPS» verdi. Azından 10-12 fürsət yaxaladı «Sabah». 90 dəqiqə 5-6 top fərqiylə bitməliydi, Mikelsin üzündən bitmədi.

Finlərlə oyun bu almaniyalının əsl simasını üzə çıxardı. Nifrət qazandı - həm bizim, həm də komanda yoldaşlarının.

Əgər o, üzərinə düşəni etsəydi, «Sabah» Finlandiyadakı cavab matçını gözləmədən Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı, Çempionlar Liqasında da üçüncü rəqibi araşdırmaya başlamışdı.

Dambrauskas gələn matçda Mikelsi ehtiyatda saxlasa, dəqiq biləcəyik ki, o, təsir altındadır, ya yox. Gül kimi komanda yaradıb, Mikels korlayır nə varsa.

Ab-hava olsun, oyun olsun - zibil qoyur hər şeyin içinə.

Bu «almaqurdu»nu qanmasa ki komandanın uğuru onun şəxsi sv-sindən çox-çox önəmlidir, avrokuboklarda uzağa getməyəcəklər, tez «yanacaqlar».

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!