"Sabah"ın "Sent Patriks"lə oyunlarda ümidləri doğrultmayan nəticə əldə etməsindən sonra bir çox iddia irəli sürüldü.
Bəziləri bu oyunlarda baş məşqçinin səhvlərini qabartdısa, bəziləri hər iki matçda qırmızı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoyan futbolçuları qınadı, bəziləri isə yaşanmış arzuolunmaz nəticəni futbolçularla baş məşqçi Krunoslav Renduliç arasında olan müəyyən anlaşılmazlıq, soyuqluqla əlaqələndirdi.
Bu baxımdan "Sent Patriks"lə matçdan 3 gün sonra baş tutacaq "Neftçi" oyunu həm bu suallara müəyyən aydınlıq gətirəcək, həm də komandanın qarşıdakı oyunlara hansı motivasiya, əhval-ruhiyyədə yollanacağını müəyyənləşdirəcəkdi.
Bazar günü Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun “bayquşlar”ın 2:0 hesablı qələbəsi ilə nəticələndi. Oyun və hesabdan daha çox diqqəti çəkən isə futbolçularla məşqçilər korpusunun ünsiyyəti oldu.
Belə ki, Amin Seydiyev hesabı açdıqdan sonra qolun müəllifi ilə yanaşı, komanda yoldaşları da bir nəfər kimi baş məşqçi Krunoslav Renduliçə tərəf qaçaraq qol sevincini onunla birlikdə bölüşdülər.
Mikels də fərqləndikdən sonra məşqçilər korpusunun üzvlərinin əlini sıxmağı özünə borc bildi.
Oyunda digər diqqət çəkən məqam Cesse Sekidika əvəzlənən zaman baş məşqçinin bu qərarına etiraz etməsi oldu.
Cəmi 3 gün öncə ağır oyun keçirmiş bir futbolçunun əvəzlənmək üçün dəqiqələri sayması əvəzinə, əksinə daha çox oynamaq istəməsi komandada, futbolçularda qələbəyə, uğura nə qədər çox istəyin olmasının sübutu idi.
Onun etirazına baş məşqçinin reaksiyası da “CBC Sport”un kameralarına tuş gəldi.
Baş məşqçi oyunçunun komandasına daha çox faydalı olmaq istəyinə cavab olaraq onu qucaqlayır və gözəl oyununa görə təşəkkür edir.
Futbolçularla baş məşqçinin kameralara yansıyan isti münasibəti, üstəlik meydanda sərgilənən gözəl futbolla qazanılan qələbə “Sabah”la bağlı müəyyən söz-söhbətləri arxa plana keçirdi.
İndi qalır, bu nəticələri mütəmadi hala gətirərək azarkeşlərin könlünü almaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: