“Sabah”ın cavab qarşılaşmasında ssenari fərqli olsa da, nəticə dəyişmədi.
“KuPS” ilk dəqiqələrdə daha çox topa sahib olmağa və yüksək presinq hesabına təzyiq yaratmağa çalışdı.
Lakin “Sabah” panikaya düşmədi, müdafiə blokunu kompakt saxladı, xətlərarası məsafəni qorudu və rəqibə açıq imkanlar vermədi.
Top qazanıldıqdan sonra komanda sürətli keçidlər hesabına boş zonalara çıxaraq oyunun ritmini öz nəzarətinə aldı.
Bu yanaşma matç irəlilədikcə öz bəhrəsini verdi və “Sabah” ümumi hesabda üstünlüyünü daha da artıraraq mərhələni inamla başa vurdu.
Taktiki baxımdan “Sabah”ın ən böyük üstünlüyü topa sahib olarkən səbirli davranması idi. Komanda topu yalnız statistika naminə dövriyyədə saxlamırdı.
Məqsəd rəqibin presinq xəttini dağıtmaq, boşluqlar yaratmaq və uyğun anda şaquli ötürmələrlə hücumu sürətləndirmək idi.
Müdafiədə isə ikinci topların qazanılması, cinahların sığortalanması və oyun intizamının son dəqiqəyə qədər qorunması Avropa səviyyəsində yetkin komanda görüntüsü yaratdı.
İndi “Sabah”ı Danimarka “Orhus”u gözləyir.
Danimarka təmsilçisi əvvəlki mərhələdə Polşada “Lex”i iki gərgin oyundan sonra mübarizədən kənarlaşdırdı və fiziki hazırlığı, yüksək presinqi, sürətli keçidləri ilə diqqət çəkdi.
Bununla belə, “KuPS”a qarşı iki oyunda nümayiş etdirilən taktiki nizam-intizam, topa nəzarət, oyun tempinin düzgün idarə olunması və keçidlərdəki effektivlik qorunarsa, “Sabah”ın növbəti mərhələ uğrunda mübarizədə də kifayət qədər real şansları var.
SPORTİNFO.AZ

