Paytaxt klubunun puça çıxan gürcüstanlı xəyalı

17 May 2022 17:40 Sabah 1 064
Paytaxt klubunun puça çıxan gürcüstanlı xəyalı

"Sabah"ın ötən yay heyətinə qatdığı futbolçulardan biri də gürcüstanlı Mixeil Ergemlidze oldu.

Parlaq gələcək vəd edəcəyi gözlənilən 22 yaşlı forvardla 3 illik müqavilənin bağlanması da buna hesablanmışdı.

Amma sən saydığını say, gör, gürcü balası nə sayır.

İlk matçlardan heç də yüksək səviyyəli oyunçu olmadığı üzə çıxan legioner daha çox sabiq baş məşqçi Ramin Quliyevin dönəmində oynamaq fürsəti əldə etdi.

Gənc mütəxəssisdən 7 matçda forma şansı qazanan hücumçu heç nə ilə yadda qalmağı bacarmadı. Quliyevi əvəzləyən rusiyalı Murad Musayevə isə 4 oyun bəs etdi ki, Mixeili yaxından tanımış olsun.

Gürcüstanlı oyunçuda heç bir perespektiv görməyən əcnəbi çalışdırıcı haqqlı olaraq son 9 matçda bir dəqiqə belə onu oynatmadı.

Gününü daha çox əvəzedici komandada keçirən futbolçunun heç orada da parlaq oynadığını demək olmaz. Daha çox "Neftçi-2" ilə qarşılaşmada saldığı dava və aldığı qırmızı vərəqə ilə yadda qaldı.

Yəqin ki, rəhbərlik onunla bir şəkildə anlaşıb yolları ayırmaq barədə düşünəcək. Bu razılaşma və ayrılıqda Erqemlidze daha çox maraqlı olmalıdır.

Ki, əks halda 2024-cü ilin yayına kimi müqaviləsi olan oyunçu ona tanış olan əvəzedici komandada bundan sonra daha çox vaxt keçirməli olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti