Masazırdakı şoka üzülmək yox...

17 May 2022 11:40 Sabah 891
Masazırdakı şoka üzülmək yox...

"Sabah" dünən Premyer Liqanın 27-ci turunun "Sumqayıt"la matçında məğlub olunca avrokuboklara getmək şansını tamam itirmiş oldu.

Halbuki matçdan əvvəl meydan sahiblərinin qələbə şansları yüksək qiymətləndirilirdi.

Amma gözlənilmədən qonaqlar 2-0 önə çıxınca vəziyyət qəlizləşmiş oldu. Musayevin yetirmələri azlıqda qalmalarına rəğmən sona kimi döyüşsələr də yalnız bərabərlik qollarını vura bildilər.

Qarşılaşmanın qırılma nöqtəsi isə sözsüz ki, hakimin Amin Seydiyevə qırmızı vərəqə verməsi oldu. Qonaqların vurduğu qollar da məhz Seydiyevin paltar dəyişmə otağına göndərilməsindən sonra yaşandı.

Epizodun təkrarına baxanda da həqiqətən baş hakimin kobud səhvə yol verdiyi görünür. Ki, Amininin kobudluğu sonuncu ümid folu deyildi. Rəqib futbolçu Amindən uzaqlaşsa da onu qarşılayan başqa "Sabah"lı yenə vardı. Bu, "Sabah"a qarşı mövsüm ərzində edilən ilk hakim səhvi deyildi. "Fit sahibləri"nin bundan da gülməli qərarlarına şahidlik etmişik. "Keçmiş olsun" deməkdən başqa əldən nə gəlir ki?

Ancaq istənilən halda Masazır təmsilçisinin bu mövsümkü çıxışını sadəcə alqışlamaq olar. Təbii ki, söhbət Murad Musayevin baş məşqçi təyin olunmasından sonrakı dönəmdən gedir.

Rusiyalı çalışdırıcının rəhbərliyi altında "Sabah" Premyer Liqaya rəng qata bildi. Düzdü, sonda üzləri gülmədi, amma çox üzülməyə də gərək yoxdur. Komanda eyni məsuliyyət, eyni istək və yanaşma ilə davam etsə qarşıdakı mövsüm mütləq yaxşı nəticələr də gələcək. Yetər ki, bu mövsümün əvvəli buraxılan səhvlər olmasın.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?