Məsuliyyətsizlik yox, təcrübəsizlik

24 İyul 23:00 Sabah 1 122
Məsuliyyətsizlik yox, təcrübəsizlik

Avrokuboklarda təcrübə həqiqətən vacib amildir.

Təcrübə deyəndə futbolçunun yaşı nəzərdə tutulmur.

Güclü rəqiblərlə oyunlardakı özünəinamı, qol vəziyyətlərində soyuqqanlı davranması, intriqalı anlarda əsəblərinə sahiblənməsi, oyunun tempi artıb-azalanda ona uyğun hərəkət etməsi və sair.

“Sabah”ın futbolçularının ötən mövsüm daxili yarışlarda etdikləri sadəcə fantastika idi. “Qarabağ”a 6 oyunda uduzmamaq, digər iddialıların hamısını üstələmək və yekunda həm çempionluğu, həm də kuboku qazanmaq. Komanda həqiqətən inanılmaz göründü.

Ölkədəki məlum uğurlardan sonra böyük əksəriyyət “Sabah”ın Çempionlar Liqasına yollanmasına ağır büzürdü. Ki, “Qarabağ” kimi uğurlu ola bilməyəcək. Ki, turnirlə erkən vidalaşacaq. Ki, Avropada təcrübə çox vacibdir.

TNS və KuPS-la Bakıdakı oyunlarda “Sabah”ın futbolçuları azı 20 qol imkanını boşa verdi. Həm də necə qol imkanları?

“Şamaxı”, “Qəbələ”, lap elə “Zirə”ylə oyunlarda yaratsaydılar, azı 10-nu qola çevirərdilər, rəqib qapıçıları ağladardılar.

32 yaşlı Coy-Lens Mikels, 30 yaşlı Aleksey İsayev 5-10 metrdən çərçivəni dəqiq nişan almaqda çətinlik çəkirdi. Bir dəfə olsa, dərd yarı, iki dəfə olsa, yenə anlamaq olar. Ancaq az qala hər ayaqlarına düşən topu “çərçivə”dən yan vurmaq, ya da qapıçının tutmasına şərait yaratmaq...

Bunun adı təcrübəsizlikdir, məsuliyyətsizlik və ya bacarıqsızlıq yox. Avrokuboklarda futbolçu rahat oynamalı, həyəcan ağırlığından qurtulmalı, ən çətin anlarda səhnəyə çıxmağı bacarmalıdır. Bax, bunun adı təcrübədir.

Yoxsa ki, rəqib qapıçı əla oynadı, rəqib müdafiəçilər imkan vermədi. Xeyr, xeyr, bir də xeyr. Mikels, İsayev, lap elə KuPS-la oyundakı qolumuzun müəllifi Simiçin təcrübəsizliyin, başqa cür desək, həlledici məqamda həyəcanlı olması “Sabah”ın azı 3 top fərqli qələbənin qarşısını aldı.

TNS-lə ilk görüşdə necə olmuşdusa, bu dəfə də elə.

Ümid edək ki, Finlandiyadakı qarşılaşma təmsilçimiz üçün xoş sonluqla bitəcək. Hər nə qədər inanmaq çətin olsa da.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!