“Sabah”a rəhbərlik edən insanların ambisiyası haqda

4 Aprel 2021 18:00 Sabah 1 043
“Sabah”a rəhbərlik edən insanların ambisiyası haqda

“Sabah”ın qapıçısı Saşa Stamenkoviç ölkəsi Serbiya mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, o, buradakı yaşayışı və Bakı haqda da danışıb.

- Serbiya yığması İrlandiya və Portuqaliyaya qarşı oyunlarda necə göründü?
- Hər serb azarkeşin görmək istədiyi mübarizə ruhunu gördüm. Nəticə nə olur-olsun, qazanmaq arzusu var idi. Düşünürəm ki, lazım olanı geri qaytardıq. İndi insanlar 0:2 hesabı ilə geridə olduğu zaman da yığmaya inanırlar. Komandanın oyun tərzini bəyənirəm, zaman keçdikcə daha güclü olacağına inanıram. Unutmayın ki, bunlar yeni baş məşqçinin ilk işləridir. Hər şeyin yerinə oturması üçün vaxt lazımdır.

- Sabiq baş məşqçi Robert Prosineçki Azərbaycan yığmasının oyun səviyyəsini qaldırdı. Onun qoyduğu iş hələ də hiss olunur?
- Robert bu gün də Azərbaycanda sevilir. Bu ölkədə bir məşqçi və insan olaraq hansı iz buraxdığını görmək kifayətdir. Azərbaycan yığmasının oyun səviyyəsini yüksəltməyi bacardı, çox xal qazandı. Bütün oyunçularla ortaq dil tapdı, onun üçün ölməyə hazır idilər. Bəzi futbolçular bu gün də məndən tez-tez onun haqda soruşurlar.

- Serbiya Draqan Stoykoviçlə dünya çempionatına vəsiqə qazana bilər?
- Hədəfimiz dünya çempionatına vəsiqə qazanmaq yox, orada uğur qazanmaq olmalıdır! Serbiya bunu edə bilər.

- Uzun illər Azərbaycanda yaşamısınız. Oranı sizin üçün ikinci ölkə saymaq olar?
- Təcrübəmə əsasən yerli oyunçuyam (gülür). Amma on ildən sonra da burda əcnəbi olduğum hər zaman düşüncəmdədir. Hər məşqdə və oyunda bir gün öncəkindən daha yaxşı olmaq üçün özümü dəfələrlə sübut etməliyəm.

- Azərbaycan və Bakı haqqında bizə nə deyə bilərsiniz?
- Azərbaycan hər mənada sürətlə inkişaf edən ölkədir. Bakı böyük və dəbdəbəli binaları olan əsl meqapolisdir. Qonaqlar gələndə mənə deyən ilk şey Bakını belə təsəvvür edə bilməmələridir. Çünki insanların hələ də müəyyən qərəzləri var. Sonra gəlib gördükləri zaman fikirləri dəyişir.

- “Sabah” Azərbaycandakı ikinci klubunuzdur. Nə kimi ambisiyalarınız var və nə qədər oynamağı düşünürsünüz?
- “Sabah” gənc klubdur, yalnız dördüncü ilini keçirir. Ona rəhbərlik edən insanların ambisiyası avrokuboka vəsiqə verən yerlərdən biri uğrunda mübarizə aparmaqdır. Mənə gəlincə, hələ oynamaq istəyi və motivasiyası var. Səhhətim imkan verdiyi müddətdə qapıda dayanacağam.

- Azərbaycanda koronavirusla necə mübarizə aparılır?
- Uzun müddət hər yer bağlandı. Hazırda çox yer işləyir. Böyük ticarət mərkəzlərindən başqa hər yer açıqdır. Burada peyvənd barədə çox danışılmır. Profilaktikaya daha çox əhəmiyyət verilir. Mübarizə aparırıq və özümüzü qoruyuruq. Bu pislik keçəcək. Qarşılaşmalar tamaşaçıların iştirakı olmadan oynanılır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı