Klub prezidenti “OD PÜSKÜRDÜ”: “Bir qəpik dəyəri olmayan adamlar…”

8 Fevral 2023 19:40 Region Liqası 2 216
Klub prezidenti “OD PÜSKÜRDÜ”: “Bir qəpik dəyəri olmayan adamlar…”

"Çox savadsız və arqumentsiz açıqlamalar bizdə təəccüb doğurmur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Difai”nin prezidenti Asəf Məlikov deyib.

Məlum olduğu kimi, Region Liqasının paytaxt zonasında 10-cu turun oyunları keçirib.

Maraqla gözlənilən matçlardan biri "B" yarımqrupunda baş tutub. Burada "Difai" Zəngilan "Çinar"ı ilə üz-üzə gəlib.

Aydın Qasımovun çalışdırdığı komanda debütantı olduğu yarışda ilk məğlubiyyətini alıb - 0:3.

Qarşılaşma qalmaqalsız ötüşməyib. Baş hakim Rəsul Babayev bir sıra mübahisəli qərarlarıyla yadda qalıb.

Referi "Difai"nin təmiz qolunu qeydə almayıb. O, "Çinar"ın oyundankənar vəziyyətdən fərqləndiyi epizodda isə mərkəzi göstərib.

Əsas "fit sahibi" və köməkçiləri "Difai"nin futbolçularına qarşı aşkar kobudluqlara göz yumub. Çempionatın bombardiri olan Qarabağ qazisi Eşqin Tağıyevin ayağına, həmçinin Mirkamil Əliyevin böyrəyinə bir neçə dəfə ağır xəsarət yetirilib.

Hər iki oyunçu ilkin tibbi yardım sayəsində meydanı tərk edib. Fəqət, baş hakim ciddi tədbir görməyib, yalnız sarı vərəqələr göstərməklə kifayətlənib.

Redaksiyamızla əlaqə saxlayan "Çinar”ın baş məşqçisi Anar Dünyamalıyev yayılan xəbərdəki bəzi məqamlarla razılaşmadığını dilə gətirib:

"Difai"ilə ilk oyunda biz məğlub olmuşduq. Həmin oyunda oyunçumuz Ülvi Quliyevin başla vurduğu 100%-lik qol qeydə alınmamışdı.

Amma bütün olanlara rəğmən məğlubiyyətin səhvini özümüzdə gördük. Və daha ciddi hazırlaşıb, ikinci qarşılaşmada 3:0 hesablı inamlı qələbə qazandıq.

Hakim səhvlərinə qalanda isə futbol mübarizə oyunudur. Meydanda sərt mübarizə gedib. Bir neçə epizodda bizim komandanın futbolçularına da zərbələr dəyib.

Bu gün nəinki bizdə, hətta bütün dünyada hakim qərarları müzakirə olunur. Adətən məğlub komanda danışmağa nəsə axtarır.

Oyun "Difai" tərəfdən lentə alınırdı. Əgər təmiz qolları sayılmayıbsa, videoyazısın AFFA-ya təqdim edib, şikayət edə bilərlər.

Qazilərimizə canımız qurban. Biz onlara borcluyuq və qələbəmizi də onlara həsr edirik. Son oyunumuza da bir neçə qazi dostlarımızı dəvət etmişdik.

Amma meydanda qazilər yox, futbolçular futbol oynayır. Kimsə kimisə qəsdən vurmayıb. Biz daha istəkli, əzmkar oynadıq və qələbə qazandıq".

Asəf Məlikov Anar Dünyamalıyevun bu açıqlamasını doğru saymır:

“Əvvəla biz yalnız bu dəfə deyil, qələbə qazandığımız birinci oyundan sonra da şikayətlə AFFA-ya müraciət etmişdik.

Həmin mütaciətdə oyunçularımıza qarşı çoxsaylı kobudluqlara, sözün əsl mənasında, qəddarlıqlara qarşı hakimlərin daha sərt mövqe tutmasını istəmişdik.

Səbəb də odur ki, heç bir futbolçumuzun, gəncimizin, qazimizin xəsarət alıb şikəst olmasını istəmirik. Hətta belə oynayan futbolçuları komandamıza da götürmürük.

Bizim əqidəmizdə, mənliyimizdə "qələbə üçün hər şey mübahdır" prinsipi yoxdur. Birinci oyunda ofsayddan vurulmuş qolun qeydə alınmaması normal bir haldır.

Əgər Anar bunu bilmirsə, bu da normaldır. Çünki 100 metr məsafədən "qartal baxışı" ilə ofsaydın olmadığını yalnız o görə bilərdi.

Həmin oyunda bizim etirazımız baş hakimə idi. Yan hakimlər öz vəzifələrini layiqincə yerinə yeyirmişdilər vəə verdiyimiz etirazda yalnız “Çinar” ilə oyun deyil, İCBFA ilə oyundakı baş hakimə qarşı da iradımızı bildirmişdik.

Hər iki oyunu udduğumuz halda. səriştəsiz məşqçilər etirazın yalnız məğlub olduqda yazıldığını düşünürlər. Halbuki qələbədən sonrakı etirazımız da sizin saytda öz yerini tapmışdı.

Daha bir məsələ… Guya bizim komandanın üzvləri qaydaları pozub. Biz etiraz etmirik. Qayda pozuntusu ola bilər.

Heç kim "ağ əlcək”də futbol oynamır. Lakin bilərəkdən oyunçuları təpikləmək ən azı, yumşaq desək, acizlik nümunəsidir.

Region Liqasının “vatsap” qrupunda Anar bunu açıq etiraf edir. Deyir ki, sizin futbolçular rahat oynayır, "mejdunoq" atır, bizimkilər də emosional oynayır (yəni qəddarcasına, ayaq və bel qırmaqla).

Nə qədər ki, bu cür məşqçilər Azərbaycan futbolunda olacaq, bir o qədər də inkişaf və kütləvilik olmayacaq.

Dördüncü məsələyə, qonaq çağırılmış qazilərə gəlim.

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti olaraq, keçən ilin may ayında, “Alanyaspor” və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə 50 qazimizin Alanyaya səfərinin təşkil olunması, onların “Alanyaspor” –“Qaziantep” matçını izləməsi Azərbaycan mətbuatında geniş işıqlandırılmışdı.

Bu səbəbdən qazilərlə işimiz və komandamızın kimlərdən təşkil olunduğu hər zaman mətbuatımızda öz əksini tapır. Komanda üzvlərimiz, onların və mənim cəbhə yoldaşlarım oyuna hər zaman mülki geyimdə gəlib və tribunada olub.

Heç bir zaman oyunçuların ehtiyat skamyasında əyləşməyiblər. Əgər qazilərimizdən hakimlərə təsir vasitəsi kimi istifadə olunursa, bunu "axırıncı yol" adlandırıram.

Bu oyunda da biz oyunun baş hakimi və bir yan hakiminin işinə etiraz edirik. Açıq-aydın qəddarlıq edən mütləq qırmızı kart ilə cəzalandlrmalı, buna göz yuman hakimlər isə AFFA-dan qovulmalıdır!

Hakimlərlə bağlı verilmiş etirazlar və bununla əlaqəli qəbul olunmuş qərarlar AFFA tərəfindən ictimaiyyətə çatdırılmalıdır.

AFFA-dan bildirirlər ki, qəbul olunmuş qərarlar barədə məlumat məxfidir. Niyə?

Azərbaycan Respublikasının Konstitusiyası hər bir Azərbaycan vətəndaşına sorğu vermək və sorğusuna cavab almaq hüququ verdiyi halda, niyə AFFA bizdən bu hüququ alır?

Təmiz qolumuz qeydə alınmırsa, cərimə meydançasındakı iki 100%-lik penaltimiz verilimirsə, müdafiəçimizi yerə yıxaraq ofsayddan vurulmuş qollar qeydə alınırsa, etiraz etmək bizim haqqımızdır.

Əldə etdiyimiz məlumata görə, hakimlər "düzgün hakimlik etməyənlər şərəfsizdir" deyən komandamızın bəzi oyunçularının sözlərini özlərinə qarşı təhqir kimi qiymətləndiriblər və onların növbəti oyuna buraxılmaması üçün protokol tərtib ediblər.

Bu da bizim sözlərimizin doğruluğunu sübut edir. Düzgün idarəçilik etməyinizə əminsizsə, niyə bu sözü öz ünvanınıza götürürsüz? Axı bu ifadə konkret olaraq bir şəxsə ünvanlanmayıb.

Hansı liqa olmasından asılı olmayaraq, meydanda hakim var. Və hakim də oyunçeların kobudluq və qəddarlığına qiymət verməlidir.

Əgər qiymət vermirsə, ona qarşı tədbir görülməlidir. Biz, onsuz da, şikayətimizi edirik. Əgər hakimlər şərəfsizdirsə, komanda oyundan imtina etməli deyil.

AFFA hakimlərə daha diqqətli yanaşmalı və buna yol verənləri şiddətli cəzalandırmalıdır. Bir qəpik dəyəri olmayan adamlar AFFA-nın hakimlər loqosunu əyinlərinə geyinən kimi şirə, aslana dönürlər”.

Digər Xəbərlər
Xəbər Lenti