Region Liqasının debütantı olan «Difai» AFFA-ya şikayət edib.
Yeni yaranan klub çempionatın 3-cü turunun «Çinar»la oyununun (2:1) hakimliyindən şikayətçidir.
Bu haqda Sportinfo.az-a prezident Asəf Məlikov məlumat verib.
Onun sözlərinə görə, paytaxt zonasında mübarizə aparan komandası hər üç turu qalibiyyətlə başa vursa da, «fit sahibləri»nin idarəçiliyi artıq səbrlərini daşırıb:
«Hakimlər bizə qarşı qərəzli münasibət göstərir. «Çinar»la oyundakı hakimlik, sadəcə, dəhşət idi.
Təsəvvür edin, rəqibin futbolçuları tez-tez qayda pozuntularına yol verirdi, onlara göz yumdular. Neçə epizodda ikinci sarı vərəqə göstərməli idi, göstərmədi.
«Çinar»ın beş-altı oyunçusu meydandan uzaqlaşdırılmalıydı. Hakimdən niyə belə etməsinin səbəbini soruşuruq, deyir ki, bir «sarı» vermişəm də.
Hücumçumuz Eşqin Tağıyevin vurub ayağını bərk əzdilər. Ayağı qan içində idi. Eşqin ikinci Qarabağ mübaribəsinin qazisidir.
Bilirsiz ki, komandamızın əsasını Vətən Müharibəsinin qaziləri və iştirakçıları təşkil edir. Bu uşaqların əksəriyyəti ermənilərə qarşı döyüşüb, xalqımıza qələbə qazandırıb.
Onlara münasibətdə hər birimiz hörmətli davranmalıyıq. Biz hakimlərdən başqa heç nə istəmirik, sadəcə, ədalətli olsunlar. Eşqinin ayağını görsəz, dəhşətə gələcəksiz.
Hakim əvəzetmə edilməsinə icazə verir, oyunu təzədən başlatmamış isə qapıçımıza sarı vərəqə göstərir. Deyir, oyunun vaxtını uzatmısan.
Axı sən oyunu başlatmamısan, o, oyunun vaxtını necə uzada bilər? Ümumiyyətlə, belə gülməli və məntiqsiz qərarlarla tez-tez üzləşirik.
«Çinar»ı udsaq da, hakimlikdən yazılı şikayət etdik. Getmişəm AFFA-ya, şikayətimizi dedim, cavab verdilər ki, onsuz da, hamı hakimlikdən narazıdır.
Region Liqasına nəzarət yox kimidir. AFFA-dan gəlib oyunlara baxan olsa, görərlər ki, təyinat verdikləri hakimlər nə cür hoqqalardan çıxırlar.
Belə idarəçiliklə futbolumuz hara gedir? Biz əziyyət çəkirik. Əgər hakimlər çempionata bu cür başlayıblarsa, görün, növbəti həftələrdə nələr edəcəklər.
Bunlara bir əncam çəkən lazımdır».

