Elxan Məmmədovdan “xeyir-dua” alan 1 yaşlı “körpə” klubun qara günləri başladı

18 Noyabr 2022 16:00 Region Liqası 849
Elxan Məmmədovdan “xeyir-dua” alan 1 yaşlı “körpə” klubun qara günləri başladı

AFFA-nın təşəbbüsü ilə yaradılan daha bir klub ağır durumdadır.

Ötən ilin payızında fəaliyyətə başlayan «İsmayıllı»FK çətin vəziyyətlə üzləşib.

Region Liqasının mərkəz zonasında ikinci mövsümünü keçirən komandada maliyyə problemi yaşanır. Bu barədə baş məşqçi Tərlan Vahidov sosial şəbəkə hesabında paylaşım edib.

O, rayon sakinlərindən, iş adamları və sahibkarlardan dəstək istəyib:

"Mən "İsmayıllı" Futbol Klubunun baş məşqçisi olaraq, bütün İsmayıllı sahibkarlarından, idarə, müəsisə və özəl sektordan maliyyə köməkliyi istəyirəm. Bu klub birdəfəlik Azərbaycan çempionatında, Premyer Liqada fəaliyyət göstərməlidir. O gün uzaqda deyil. Körpənin ayağa qalxması üçün azca maliyyə dəstəyi lazımdır. Hazırda "İsmayıllı"nın iki dəst forması bir həftədir ki, AFFA-nın anbarında qalıb. Niyə? Ona görə ki, formanı gedib götürsək, arxasına nömrə yazdırmaq lazım gələcək. Hansı pulla? 500-600 manat pul lazımdır. Heç kim komandaya yaxın durmaq istəmir. Niyə? Məgər "İsmayıllı" FK İsmayıllı rayonunun adı ilə oynamır? İsmayıllıda imkanı olan şəxslər yoxdur? Mən baş məşqçi olaraq komandanı ismayıllılardan formlaşdırmaq istəyirəm. Komandanı bir ildən sonra I Divizonda, sonra isə Premyer Liqada görmək istəyirəm. Bu, İsmayıllı şəhidləri Aqil Mirzəliyev, Qədim Xəlilov kimi vaxtilə "İsmayıllı"nın şərəfini qorumuş insanların komandasıdır".

Göründüyü kimi, 1 yaşlı bölgə təmsilçisində durum kritikdir. Halbuki AFFA 01.10.2021-ci il tarixində rəsmi sayıt vasitəsilə belə bir xəbər paylaşmışdı:

«AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov regionlara səfəri çərçivəsində İsmayıllı rayonunda olub. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Elxan Məmmədov İsmayıllıda süni örtüklü meydança inşa olunması üçün münasib ərazilərə baxış keçiriblər. Müvafiq ərazidə yaxın zamanlarda AFFA tərəfindən iki ədəd süni örtüklü meydançanın inşa olunacağı müəyyənləşdirilib. Bundan başqa, AFFA və İcra Hakimiyyəti rəhbərliyi arasında müzakirələrdən sonra Region Liqası turnirində cari mövsümdən etibarən İsmayıllı rayonunu təmsil edən komandanın çıxış etməsi barədə razılıq əldə olunub».

AFFA-nın rəsmi saytının 17.12.2021-ci il tarixdə yaydığı daha bir xəbərdə isə deyilirdi:

«AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub. Onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib. E.Məmmədov rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib. İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub. Elxan Məmmədov və futbol veteranı Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb».

Elxan Məmmədov bu səfərdən 5 ay sonra AFFA-dakı vəzifələri ilə rəsmən vidalaşdı, FİFA-nın Paris ofisində fəaliyyətə başladı.

O. əslində, AFFA ilə əlaqələrini kəsməyib. Bu, yalnız kağız üzərində belədir. Federasiyanı onun kadrları idarə edir. Məmmədovun Parisdən verdiyi tapşırıq və göstərişlər əsasında.

«İsmayıllı»nın yaşadığı böhran AFFA-nı narahat etməli və hərəkətə gətirməlidir. Yoxsa bu klub da E.Məmmədovun digər uğursuz layihələri kimi tezliklə tarixin yaddaşına köçəcək.

Bir daha təsdiq olunacaq ki, E.Məmmədov hara ləpirini qoyubsa, oranı qara tikan basıb.

Yerli İcra Hakimiyyətinin (İH) klubun maliyyə korluğu çəkməsindən bixəbər olmasının özü də narahatedici durumdur. Bəlkə də Tərlan Əhmədov onları vaxtında mövcud vəziyyətlə bağlı məlumatlandırmayıb, bəlkə də…

Dəqiq söz söyləmək olmur. Sadəcə, baş məşqçinin sosial şəbəkə hesabında yazdıqları bir SOS siqnalıdır.

Bütün hallarda araşdırılmalı və lazımı tədbirlər görülməlidir. AFFA və İH «İsmayıllı»nın qarşısında şərikli məsuliyyət daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 16:30 Çək və bizə göndər!