AFFA bu mövsüm Region Liqasında çıxış edəcək klublar qarşısında yeni tələb qaldırıb.
Federasiyanın tələbinə əsasən, çempionata qatılan iştirakçıların hər biri qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.
Həmçinin onlar Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olaraq fəaliyyət göstərməlidir.
Tələbə görə, klublar İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinə məktub göndərməli, məşqçi və futbolçularla rəsmi müqavilə imzalamalı, sənədləşməni reysterdən keçirməlidir. Kollektiv üzvlərinin hər biri üçün VÖEN açılmalıdır.
Ondan da məlumunuz olsun ki, Region Liqasında yeni mövsüm nəzərdə tutulduğu vaxtda başlamayıb. Ötən həftəsonu start götürməli olan çempionat ertələnib.
Bu, AFFA-nın klublar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Belə ki, federasiya iştirakçıları inventarla - top və formalarla təmin etməli olsa da, hələ onları qarşı tərəfə çatdıra bilməyib.
AFFA yarışın qarşıdakı günlərdə başlayacağına dair komandalara şifahi xəbərdarlıq edib. Amma bu, yekun qərar deyil.
Qurumdan bildirilib ki, top və forma sifarişində yanlışlığa yol verildiyindən, inventarın gətirilməsində proboleem yaşayırlar.
Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası.
SPORTİNFO.AZ

