Ötən mövsüm Region Liqasında çıxış edən "Karvan" ın fəaliyyətini dayandırması barədə bir müddət əvvəl məlumat vermişdik.
Xəbərdən narahatlıq keçirən bölgə klubunun fanatları redaksiyamızla əlaqə saxlayaraq yaranmış vəziyyətlə bağlı narahatlıqların bildiriblər.
Tərəfdarlar məsələ ilə bağlı son durumun nə yerdə olmasından narahatlıqların dilə gətiriblər.
Biz də son vəziyyəti bilmək üçün komandanın ayaqda qalmasında bir müddət xüsusi fəallıq göstərən, öz cibinin pulundan xərcləyərək klubun dirçəlməyinə çalışan baş məşqçisi Kənan Kərimovla əlaqə saxlamağa qərar verdik.
Amma gənc mütəxəssis dəfələrlə olunan zənglərimizi cavabsız qoydu.
Yevlax təmsilçisi son olaraq ötən mövsüm Region Liqasında məhz Kərimovun təşəbbüsü ilə iştirak etmişdi.
O, komandanı ayaqda tutmağa, ona dəstək tapmağa çox cəhd etdi.
Dəfələrlə AFFA-ya, son olaraq Yevlax İcra Hakimiyyətinə müraciət olundu. Özü də davamlı olaraq. Təəssüf ki, federasiya və rayon rəhbərliyindən heç bir dəstək olmadı.
Görünür, başverənlərdən incik düşən Kərimov mətbuata da danışmamaq qərarı verib. Mübariz insan olan sabiq hücumçuya atdığı addım heç yaraşmadı. Ən azından zənglərə cavab verib, fanatların narahatlğına aydınlıq gətirmək olardı.
Kərimovun rəsmilərdən incikliyi başadüşüləndi, amma mətbuata hörmətsizliyi yox!
XANOĞLAN / SPORTİNFO.AZ

