I Divizionda çıxış edəcək növbəti region klubu – AFFA-dan YENİ AÇIQLAMA

26 İyul 2022 16:00 Region Liqası 3 616
I Divizionda çıxış edəcək növbəti region klubu – AFFA-dan YENİ AÇIQLAMA

“Müvafiq məsələ ilə bağlı bir neçə klub tərəfindən müraciət olunub”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.

Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin iyulun 15-də I Divizionla bağlı yeni qərar qəbul edib.

Həmin qərara əsasən, Region Liqasından daha bir komandanın peşəkar statuslu çempionata buraxılmasına icazə verilib.

“Sabah-2”nin yarışdan çəkilməsindən sonra bu boşluğu dolduracaq kollektiv 11 meyara cavab verməlidir.

AFFA və Peşəkar Futbol Liqasının birgə müəyyənləşdirdiyi meyarlar bunlardır:

1. Klubun Nizamnaməsi;
2. Dövlət Reyestrindən çıxarış;
3. Klubun strukturu;
4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
5. VÖEN;
6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
8. Ən azı 2 dəst oyun formasının maketi;
9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.

Müvafiq klublar meyarlar üzrə sənərlərin qəbulu dünən saat 17:00-də başa çatıb.

İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

“Ağsu Siti”, Xan Lənkəran”, “Füzuli” və “Qusar” I Divizionda mübarizə aparmaq istəməsinə dair açıqlamalar yayıb.

F.Abdulla bildirib ki, AFFA hazırda bu müraciətlərin qeyd olunan meyarlara uyğun gəlıb-gəlməməsini araşdırır: “Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

AFFA daha əvvəl Region Liqası mənsublarından “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir”in I Divizion sıralarına qəbul etməsi barədə qərar çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti