
“Xan Lənkəran”PFK gələn mövsüm I Divizionda iştirak etmək üçün AFFA-ya növbəti dəfə müraciət ünvanlayıb.
Bu haqda Sportinfo.az-a cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Famil Məmmədov bildirib.
O, qeyd edib ki, klub federasiyanın çempionatda yarışmaq üçün irəli sürdüyü 11 meyardan 10-nu yerinə yetirmək iqtidarındadır:
“Keçən günlərdə “Sabah”ın əvəzedici komandası yeni mövsümdə birinci divizionda iştirakdan imtina edib.
“Sabah”ın ikinci komandasının divizionda iştirakdan imtinasından sonra AFFAnın İcraiyyə Komitəsinin keçirdiyi iclasda I Divizionda iştirakçı sayı cüt olsun deyə, Region Liqasında iştirak edən komandalardan daha biriuin I Diviziona buraxılması qərara alınıb.
AFFAnın açıqladığı meyarlara uyğun olaraq, sənədləri ilk təqdim edən komandanın I Divizionda iştirakının təsdiq edilməsi ilə bağlı qərardan sonra “Xan Lənkəran” ən qısa zamanda ilk olaraq sənədləri onlayn qaydada müraciət edərək təqdim edib.
Hal-hazırda isə AFFA tərəfindən müraciətlərin yekun nəticəsi gözlənilir. I Divizionda iştirak üçün müəyyənləşdirilən meyarlarda Region Liqasında ardıcıl 3 mövsüm iştirak tələbi qüvvədə saxlanılıb.
Sözügedən meyar istisna olmaqla, klubumuz bütün tələblərə tam cavab verir və indi AFFA-dan müsbət cavab gözləyirik”.
AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.
Meyarlar bunlardır:
1. Klubun Nizamnaməsi;
2. Dövlət Reyestrindən çıxarış;
3. Klubun strukturu;
4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
5. VÖEN;
6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
8. Ən azı 2 dəst oyun formasının maketi;
9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.
Müvafiq klublar meyarlar üzrə sənərlərini 25 iyul saat 17:00-dək info@affa.az e-mail ünvanı vasitəsilə AFFA-ya təqdim etməlidirlər.
İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.