Gənclər və idman naziri Fərid Qayıbov “Xan Lənkəran”la bağlı prosesi şəxsi nəzarətinə götürüb.
Problemin məğzi bəllidir: AFFA ötən mövsüm Region Liqasında mübarizə aparmış klubun növbəti “futbol ili”ni I Divizionda keçirməsinə icazə verməyib.
Federasiyanın İcraiyyə Komitəsinin mayda keçirilən iclasında bununla əlaqəli qərar çıxarılıb.
Qurum “Mingəçevir”, “Araz-Naxçıvan” və “İmişli”yə “yaşıl işıq” yandırsa da, cənub təmsilçisini aşağı liqaya buraxmayıb.
“Xan Lənkəran” rəhbərliyi AFFA-nın mövqeyi ilə razılaşmır və onlara qarşı haqsızlıq edildiyini düşünür.
Nazirlik narazılığa səbəb olan amilləri araşdıracaq ki, bu xəbər də “Xan Lənkəran” camiəsində canlanma və gələcəyə inam yaradıb.
Ki, tezliklə hadisələrin inkişafı 180 dərəcə dəyişəcək, Gənclər və İdman Nazirliyinin işə qarışmasından sonra hadisələrin inkıişafı onların arzuladığı məcraya dönəcək.
F.Qayıbov bugünlərdə klubun vitse-prezidenti Rəhman Abbasovu qəbul edib. Görüşdə klubla bağlı fikir mübadiləsi aparılıb.
R.Abbasov ötən ilin yayında yaradılan “Xan Lənkəran”ın fəaliyyəti və məqsədləri haqda nazirə məlumat verib.
O, ilk mövsümündə Region Liqasının finalına vəsiqə qazanan komandanı növbəti “futbol ili”ndə I Divizion iştirakçıları arasında görmək istədiklərini bildirib.
Vitse-prezident qeyd edib ki, “Xan Lənkaran” AFFA-nın bütün tələb və şərtlərini yerinə yetirmək gücündədir, sadəcə, çempionatdan kənarda saxlanılıb.
O, “Xan Lənkəran”ın “Qobustan”ın varisi kimi aşağı dəstədə mübarizə apara biləcəyini söyləyib. Görüşün sonuna Fərid Qayıbova klubun 10 nömrəli forması hədiyyə olunub.
SPORTİNFO.AZ