ŞOK AÇIQLAMA! "Mən SOCAR-ın pul buraxdığı bütün klubları təkbaşına maliyyələşdirə bilərəm"

22 İyun 2022 15:00 Region Liqası 4 297
ŞOK AÇIQLAMA! "Mən SOCAR-ın pul buraxdığı bütün klubları təkbaşına maliyyələşdirə bilərəm"

«Kifayət qədər iş adamı var ki, futbola sərmayə yatırmaq gücündədir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov deyib.

Rusiyada fəaliyyət göstərən biznesmen ötən ilin yayında yaratdığı və Region Liqasında finaladək yüksələn komandanın I Diviziondan kənarda saxlanılmasını AFFA-nın məqsədyönlü planının tərkib hissəsi sayır.

32 yaşlı lənkəranlı iş adamı hesab edir ki, federasiya bütün klubları öz nəzarətində saxlamaq, bununla onların fəaliyyətini məhdudlaşdırmaq və idarə etmək məqsədi güdür:

«AFFA müstəqil klubların yaranmasında və çempionata rəqabətə gətirməsində maraqlı deyil. Mən əvvəllər də AFFA haqda belə şeyləri çox eşitmişdim, amma açığı, inanmırdım.

Bu sahəyə gəldim və gördüm ki, deyilənlər həqiqətdir. AFFA-ya dəfələrlə müraciət etmişəm, «Xan Lənkəran»ı Diviziona buraxmamaqlarının səbəblərini soruşmuşam.

Demişəm ki, əsas gətirin, fakt verin. Əgər söhbət varislikdən gedirsə, biz də bu vasitə ilə Divizionda oynaya bilərdik.

«Qobustan»la razılıq əldə etmişdik. «Energetik» «Mingəçevir» ola bilir, «Qobustan» «Xan Lənkəran» yox?

AFFA-nın fikri başqadır. «Xan Lənkəran» olaraq bütün sənədləşmə prosesindən keçməyə hazırıq. Gəlib araşdıra, maliyyə mənbəyimizi öyrənə bilərdilər.

Şirkətlərimin fəaliyyəti, gördüyüm işlərin miqyası barədə onlara istənilən informasiyanı verməyə, sənədləri təqdim etməyə hazır idim.

Mən şəffaflığın tərəfdarıyam və dövlətin idman siyasətinə qulluq etməyə çalışan iş adamıyam. Futbol klubu yaratmaq uşaqlıq arzumdur və indi mən AFFA rəhbərliyinə yaxın deyiləm deyə, «Xan Lənkəran» çempionatda olmamalıdır?

SOCAR Premyer Liqa və Diviziondakı klublara vəsait ayırmağı dayandırsa və desələr ki, gəl onları götür, mənim hamısını eyni vaxtda maliyyələşdirməyə gücüm çatar.

Düzdür, futboldakı qanunlar bir şəxsin, ona məxsus şirkətlərin bir neçə klubun sponsoru olmasına icazə vermir. Lakin tanıdığım böyük iş adamları da futbola cəlb edə bilərəm.

Premyer Liqa və I Diviziona titul sponsoru tapmaq da mənim üçün asan məsələdir. Yəni, AFFA deməsin ki, heç kim futbola dəstək olmur, olmaq istəmir. Var belə vətənpərvər iş adamları.

Özü də kifayət qədər çoxdur. Sadəcə, AFFA-dakılar futbolu öz «mətbəxlər»i sayır və heç kimi ora buraxmaq istəmir. Hərəyə bir bəhanə gətirir, futboldan iyrəndirirlər».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"