"Neftçi"yə məğlub oldular, razı qaldı - FOTOLAR

23 Noyabr 2020 09:20 Qəbələ 584
"Neftçi"yə məğlub oldular, razı qaldı - FOTOLAR

Azərbaycan Premyer Liqasında X turun ikinci oyun günü start götürüb.

Günün ilk matçı Qəbələ şəhər stadionunda baş tutub.

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra ilk qarşılaşmasını evdə “Neftçi”yə qarşı keçirib. Komandalar görüşdən öncə “Azan oldum dinmədim, bayraq oldum enmədim, şəhid oldum ölmədim!” pankartını qaldırıb.

Baş məşqçi Elmar Baxşıyev ötən turun “Keşlə” ilə oyunu ilə müqayisədə start “11-liy”ində heç bir dəyişiklik etməyib. “Qırmızı-qaralar” dumanlı hava şəraitində keçən matça erkən qolla başlamağa yaxın olub.

Nikolas Rayselin cinah ötürməsindən sonra Cavid Hüseynovun əlverişli mövqedən zərbəsi yaddaqalan, amma qeyri-dəqiq alınıb. Qarşılıqlı hücumlarla davam edən görüşü fəal keçirən “Qəbələ”nin hücum xətti rəqib qapısı önündə dəfələrlə təhlükəli epizodlar yaradıb.

Hissənin ortalarında Rafael Utziqin ardıcıl iki zərbəsindən sonra top çərçivəyə düşməyib. İlk hissəni fəal keçirən Merab Qiqauri uzaq məsafədən qapını nişan alsa da, hədəfə düşməyib.

Qonaqların hücumları zamanı etibarlı oynayan müdafiə xətti yalnız fasilə ərəfəsində rəqibi nəzarətsiz qoyub. Bu da Anton Krivotsyukun 38-ci dəqiqədə hesabı açması ilə nəticələnib. Matçın gedişində zədələnsə də, görüşü bir neçə dəqiqə davam etdirən Vinko Medimoreç ilk yarı bitməmiş əvəzlənib.

İkinci hissə daha məhsuldar başlayıb. İlk 15 dəqiqədə üç qol vurulub. Fasilədən sonra oyuna paytaxt təmsilçisi daha fəal başlayaraq iki qola imza atıb.

Öncə Anton Krivotsyuk, ardınca Namiq Ələsgərov fərqlənib. 60-cı dəqiqədə Nikolas Rayselin ötürməsindən sonra Yusif Nəbiyevin uzaq zərbəsi ilə fərq azalıb.

Bu qoldan sonra fəallığı artıran “qırmızı-qaralar” daha bir neçə epizodda fərqlənməyə yaxın olub. Rövlan Muradovun iki zərbəsi dəqiq alınmayıb. Qapıçı ilə təkbətək çıxan Cavid Hüseynov isə qolkiperlə dueldən üstün ayrıla bilməyib.

Hakimin final fitindən bir neçə dəqiqə əvvəl Yusif Nəbiyev dublunu rəsmiləşdirməyə yaxın olub. Onun zərbəsi dirəkdən dönüb. Uzatma dəqiqələrində isə Anar Nəzirov onunla üz-üzə qalan rəqibin qol vurmasına mane olub.

Amma qonaqlar uzatma dəqiqələrində dördüncü qolu vurmağı bacarıb. Matçdakı 5-ci qolu Prins İbarra vurub. Beləliklə, “Qəbələ” ev oyunundan 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Torpaqlarımızı qaytardığımız üçün xalqımızı təbrik edirəm. Oyunun çətin olacağını bilirdik. “Neftçi” yaxşı futbolçulardan təşkilatlanmış komandadır.

Oyuna ciddi hazırlaşmışdıq. Planlaşdırdıqlarımızın üzərində çalışmışdıq və bu meydanda da alınırdı. Komandamız meydanda hər şey göstərir, lakin qollar, soyuqqanlılıq çatışmır.

Qol vurmayanda rəqib cəzalandırır. İlk yarıda epizodlar yaradırıq, yararlana bilmirik, rəqib isə yarım epizodu dəyərləndirir. Sonra oyunun axarını dəyişmək çətin olur.

Ağır məğlubiyyət alsaq da, istədiyimi futbolçulardan görürəm. Hücum futbolu oynayır, epizodlar yaradır, son nöqtəni qoymaqda çətinlik çəkirik. Birinci dövrədə də “Neftçi” ilə görüş ağır keçmişdi.

Heyətimizə baxanda oyunun nəticəsini dəyişə biləcək keyfiyyətli oyunçular var. Üzərimizə düşəni artıqlaması ilə edib bunu aradan qaldırmağa çalışacağıq.

Komandama çox irad bildirə bilmirəm. Bəzi epizodlardakı boşluqları rəqib dəyərləndirir. Fərdi səhvləri düzəltmək asandır, komanda oyununda dəyişiləsi heç nə yoxdur.

Komanda şəklində uduzmuşuq, ayrı-ayrı futbolçuları fərqləndirməzdim. Qalib gələndə də, heç-heçə edəndə də bu kollektiv hesabında olur. İnanıram ki, uğur gətirə bilərik. Ümumi götürəndə, bütün turlarda “Qəbələ” kiminlə oynasa da 5-6 epizod yaradır. Bu komandanı hücumda görürəm”.

“Qəbələ” – “Neftçi” 1:4

Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Müslüm Əliyev

Dördüncü hakim: Namiq Bəkirov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Murad Musayev, 60 (qeyri-idman hərəkəti) // Anton Krivotsyuk, 13 (qeyri-idman hərəkəti); Yusuf Laval, 28 (qeyri-idman hərəkəti)

Qollar: Yusif Nəbiyev, 60 // Anton Krivotsyuk, 38, 51; Namiq Ələsgərov, 57; Prins İbara, 90+4

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

“Qəbələ”

1. Anar Nəzirov (k)

11. Asif Məmmədov

(26. Stefan Vukçeviç, 62)

74. Yusif Nəbiyev

14. Cavid Hüseynov

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

13. Yurgen Qoxa

2. Vinko Medimoreç

(28. Murad Musayev, 43)

23. Rafael Utriq

(10. Rövlan Muradov, 60)

55. İdris İnqilablı

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli

70. Ülvi İsgəndərov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

9. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

71. Rüfət Əhmədov

Baş məşqçi: Elmar Baxşıyev

“Neftçi”

30. Aqil Məmmədov (k)

7. Namiq Ələsgərov

19. Fəhmin Muradbəyli

(26. Ömər Buludov, 89)

36. Mamadu Kane

6. Voyislav Stankoviç

10. Saman Nərimancahan

(13. Prins İbara, 77)

91. Tallison Diaz

29. Sabir Buqrin

24. Yusuf Laval

5. Anton Krivotsyuk

20. Mert Çelik

Ehtiyat oyunçular:

12. Kamran İbrahimov

3. Mamadu Mbodj

17. Bruno Teluşi

4. Rener Alves

80. İsmayıl Zülfüqarlı

37. Vüsal Əsgərov

Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti