(Ala-bula boz keçi, ay qoşa buynuz keçi)
«Qəbələ» Kaxaber Sxadadzenin vaxtında başqa idi, indi bir başqa.
İki ay qabaq turnir cədvəlinin «zirzəmi»sində yuxu bişirirdilər, bu gün isə oradan bir qədər uzaqlaşıblar.
«Qəbələ» onda baxımlı futbol sərgiləyirdi, nəticə qazana bilmirdi. Hazırda baxımlı futbol sərgiləmirlər, nəticə qazana bilirlər.
Yeton Bekirinin gətirilməsinin düzgün seçib olub-olmadığı yönündə son vaxtlar müxtəlif fikirlər səslənir.
Vaxtilə Çempionlar Liqasının təsnifat mərhələsində «Qarabağ»a rəqib olan «Şkendiya»nı çalışdırmış şimali makedoniyalı məşqçidən «Qəbələ» rəhbərliyinin tək istəyi onları Premyer Liqada saxlamaqdır.
«Qəbələ»nin maddi imkanları özlərinin iddia etdiyi kimi olsaydı, bir söz deməzdik. Axı görürük və bilirik ki, acından günorta oyanmırlar.
Yağ-bal içində fəaliyyət göstərməsələr belə, hər halda imkanları normal komanda qurmağa, sanballı məşqçi gətirməyə yetərlidir.
Mövsümlərarası fasilədə yaxşı transferlər etmək olardı, etmədilər. Sandıqda gizlədiləsi bir neçə legionerlə Premyer Liqanı tanış elədilər,
Sxadadze tutuzdura bilmədi. Bekirinin qazandığı son nəticələr isə müvəqqətidir. «Şəfa»nı bəxtin köməyi ilə uddular, əslində isə heç 1 xal da qazanmamalıydılar.
Qələbədən ötrü əməlli çalışmadılar, xüsusi nəsə eləmədilər, sadəcə, «Şəfa» qol epizodlarını dəyərləndirmədi.
«Qəbələ» hardasa dayanmayacaq, tezliklə dayanacaq. Yazın bu proqnozu bir yerə. Çün şans həmişə gətirmir.
ELNUR
