"Qəbələ" mövsümə əla start götürmüşdü - 3 oyun və 3 qələbə. Amma yenə narahatlıq yox deyildi. Ki, rəqiblər iddialı sayılmayan "Turan Tovuz", "Kəpəz" və "Şamaxı" idi.
Görəsən, iddialılarla necə olacaq? sualı təkcə bizim yox, elə "Qəbələ" camiəsini də narahat etməyə bilməzdi. Ardıcıl "Sabah", "Zirə" və "Neftçi" məğlubiyyətləri göstərdi ki, narahat olmaq boşuna deyilmiş.
Əslində hər üç görüşdə də komanda pis təsir bağışlamamışdı. Xüsusi ilə də "Zirə" və "Neftçi" ilə qarşılaşmalarda minimum bir xal komandanın haqqı idi. Amma vəlvələdən, ya zəlzələdən məğlubiyyətlər qaçılmaz oldu.
Sonrakı "Sumqayıt" və "Səbail" üzərindəki qələbələr hardasa göstərdi ki, ikinci dərəcəli rəqiblərlə oyunlarda qələbə əldə etmək komanda üçün problem deyil. Bu baxımdan rahat olub, iddialılarla görüşlər üçün olan narahatlıq üzərində daha çox çalışmaq lazımdır.
Amma son iki turda "Şamaxı" və "Kəpəz"lə oyunlardakı məğlubiyyətə bərabər heçə-heçələr həmin rahatlığı aradan apardığı kimi, məşqçilər korpusunu da daha dərin düşünməyə vadar etdi.
Ələlxüsus da qərb təmsilçisi ilə oyunda Elmar Baxşıyevin yetirmələrin meydanda tanımaq mümkün deyildi. Rəhbərlikdən inciyiblər, baş məşqçidən narazıdılar, azarkeşlərə naz edirlər bilmirəm. Amma onu dəqiq bilirəm ki, son oyundakı 90 dəqiqədə bölgə klubunun futbolçuların tanıya bilmədim.
Oyunçularda nə bir istək vardı, nə də bir mübarizə ruhu. Sanki heç-heçə üçün meydana ayaq basan, su qiymətinə müqavilələr bağlanan Şuaybi, Sadıqlı, Kantariya, Alicanov yox, qiyməti onlardan ən azı 3 dəfə baha olan Alimi, Ruan, Santos, Rafael kimilər idi. Normalda qələbə qolu vurmaq üçün irəli atılmalı olan komanda meydanda elə ləng hərəkətlər, məntiqsiz hücumlarla yadda qalırdı ki, bilmirdin buna nə izah verəsən.
Daxildə hər hansı problem varsa, xəbərsizəm. Amma dəqiq bildiyim odur ki, futbolçular qarşısında bütün öhdəliklər vaxtı-vaxtında yerinə yetirilir. Onların da borcudur ki, meydanda tər axıtsınlar, ruhlarını qoysunlar, su qiymətinə oynayan futbolçuların önündə aciz qalmasınlar.
Düşünürəm ki, indiki durumda Elmar Baxşıyevin üzərinə daha çox məsuliyyət düşür. Futbolçuları yuxudan ayıltmalı olan adam odur. Bu cəza ilə də ola bilər, sərt danışıqla da. Seçim artıq mütəxəssisin özündədir. Amma gecikmək qəti olmaz, çünki hər keçən gün daha böyük fəsadlara yol aça bilər.
XANOĞLAN İMANOV

