Azərbaycanda hələ hansısa məşqçiyə Kaxaber Tsxadadze qədər şans verildiyini xatırlamıram. Gürcüstanlı mütəxəssis 4-cü mövsümdü başında olduğu bölgə klubunu autsayder libasından xilas edə bilmir.
Pul desən var, infrastruktur desən var, heyət əcnəbilərlə doludur, amma nəticə yoxdur.
Evi-eşiyi olmayan "İmişli", "Şəfa" ilə bacarmırlar.
Yalnız dövlət dotasiyasına möhtac qalan "Şamaxı"ya belə aşağıdan yuxarı baxırlar.
Klubun bu adamı hələ də göndərə bilməməsi böyük qəbahətdir.
Kaxaberin özünün hələ də getməməsi isə faciə.
Bir məşqçi özünə bu qədər hörmətsiz yanaşmalı deyil axı.
Meydanda heç nə yolunda getmir.
Azarkeşlər sayını unutduğum qədər istefaya səsləyib.
Mətbuat qalaq-qalaq yazı yazıb.
Amma əcnəbi mütəxəssis hər şeyi qurban verib maaşına.
Görünən odur ki, klub prezidenti Fariz Nəcəfov yumruğunu masaya bərk vurmasa, bu xəmir hələ çox su aparacaq.
XANOĞLAN/ SPORTİNFO.AZ
