"Xırda nüansları aradan qaldırdıqdan sonra, daha yaxşı komanda görəcəyik"- Elmar Baxşıyev

10 Sentyabr 2022 20:50 Qəbələ 448
"Xırda nüansları aradan qaldırdıqdan sonra, daha yaxşı komanda görəcəyik"-  Elmar Baxşıyev

"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Neftçi" yaxşı komandadı, heyətində yaxşı futbolçuları var. Nə planlaşdırmışdıqsa, futbolçular ilk yarıda onu yerinə yetirməyə çalışdı. Sadəcə olaraq, ikinci hissədə konsentrasiyanın aşağı düşməsi qapımızda qollarla nəticələndi. Amma ümumilikdə komandanın çıxışından razıyam. Zaman keçdikcə, meydanda daha da balanslanmış komanda görəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 6-cı turunun "Neftçi" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O, komandanın 1:2 hesablı məğlubiyyətini şərh edib.

- Bəlkə "Qəbələ" "Neftçi"nin təzyiqinə tab gətirmədi?
- Mən də belə sual verə bilərəm ki, "Neftçi" niyə həmin təzyiqi birinci hissədə edə bilmirdi? Üstünlük bizdəydi, futbolçular oyundaydı, motivasiya daha çox idi. Ona görə də boşluq vermirdik. 46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiyanın aşağı düşməsidi. Ani səhvdən qapımızda qol gördük. Komanda toparlanmağa çalışan zaman ikinci qolu buraxdıq. Komandamın kondisiya baxımından problemi yoxdu. 90 dəqiqə hücumdaydıq. Xırda nüansları aradan qaldırdıqdan sonra, daha yaxşı komanda görəcəyik.

- "Qəbələ" üç qələbə ilə başlamışdı. İndi isə ardıcıl üç məğlubiyyət yaşandı. Demək olar ki, "Qəbələ"nin əsl potensialı budu? Sanki əsas rəqiblərə uduzmusuz..
​- Yox, bu fikirlə razı deyiləm. Çempionatda hər komandaya xüsusi hazırlaşmaq lazımdı. Zəif və güclü anlayışı yoxdu. Əsas rəqiblərimizə uduzmuşuq məsələsinə gəlincə, təki komandam həmişə belə oynasın. Ötən oyunda da 10 epizod yaratdıq, amma uduzduq. Futboldur da, olur. Futbolun özəlliyi də budur ki, həmişə yaxşı oynayıb qalib gəlmirsən.

- Baş məşqçinin taleyini nəticələr müəyyənləşdirir...
- Problem deyil. Nəticə olmayacaqsa, əgər "Qəbələ"nin iddialı olması üçün, daha yaxşı variant olacaqsa...Burada ömürlük deyiləm.

- Elə təəssürat yaranır ki, sanki komanda yüklənmişdi və fiziki baxımdan çatdırmadı...
- Fiziki cəhətdən çatdırmayan komanda 85-ci dəqiqədən sonra üç epizod yaratdı. Bu, necə olur? "Neftçi"nin arxaya çəkilməsini futbolçularım vadar etdi. Komandamın funksional hazırlığı qaydadadı. Uduzduğumuz oyunlara baxın, 90 dəqiqə komanda meydanda fiziki baxımdan axsamır. Fiziki baxımdan çatışmazlıq yoxdu

Digər Xəbərlər
Xəbər Lenti