O, "10 min pul alırlar, oynamaqlarına bax" deyəcək qədər cəsarətlidirmi?

9 Avqust 2022 15:00 Qəbələ 898
O, "10 min pul alırlar, oynamaqlarına bax" deyəcək qədər cəsarətlidirmi?

İlk turların nəticəsi həmişə aldadıcı olur.

Azı dörd-beş həftə səbr etməliyik. Ki, hansı komandanın Premyer Liqanın yeni mövsümünə nə səviyyədə hazırlaşmasına, nə kimi məqsədlər uğrunda mübarizə aparmasına dair proqnozlar yürüdəsən.

Bu fikirlər «Qəbələ»yə də aiddir. Elmar Baxşıyev keçənilkindən daha güclü və daha geniş heyətə malikdir indi. Bir ucdan legioner gətirirlər elə.

Hər səhər yuxudan oyanırsan, eşidirsən ki, «Qəbələ» filan ölkədən filankəsi düşərgəsinə gətirib. Bu minvalla, avqustu dolu-dolu yaşayacaqlar, hələ bir neçə nəfəri də komandanın sıralarına qoşacaqlar.

Niyə də yox, imkanları yenidən genişlənib, bir az naz edən legionerə 10 min dollar maaş verib, daşı ətəyindən yerə tökməyə razı salırlar.

«Qəbələ» mövcud imkanlarla ən azından ötən mövsüm qazandığı nəticəni təkrarlamalıdır. Avrokuboklara vəsiqəni təsadüfən əldə etmədiklərini isbatlamaq üçün.

Dünən Tovuzda qeydə alınan 2:0 hesablı qalibiyyət hələlik göstərici sayıla bilməz. «Turan» meydanda 10 nəfərlə qavlmasaydı və VAR-ın oyuna gecikmiş müdaxiləsi olmasaydı, «Qəbələ»nin səfərdən 3 xalla dönməsi müşkülə dönəcəkdi.

Ona kimi meydanda oyun və güc nisbəti bərabər idi, «Qəbələ» debütantdan heç ilə fərqlənmirdi.

Adətən, qalibi mühakimə etmirlər, ancaq inanırıq ki, Baxşıyev komandasından daha diri oyun gözləyirdi və futbolçularına bəzi iradlarını çatdırmağa çəkinməyəcək.

Heç olmasa, «10 min pul alırlar, oynamaqlarına bax» deyəcək qədər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti