"Qarşıdakı günlərdə istədiyimiz oyunçuların da..."

30 İyun 2022 20:20 Qəbələ 1 073
"Qarşıdakı günlərdə istədiyimiz oyunçuların da..."

“İki həftəlik Qəbələ toplanışı planlaşdırdığımız kimi keçdi.

Sevindiricidir ki, futbolçular istirahətdən yaxşı vəziyyətdə, artıq çəkisiz dönmüşdülər".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev komandanın yeni mövsüm üçün hazırlıq prosesinin ilk hissəsi barədə danışarkən deyib.

Klubun saytına açıqlama verən mütəxəssis fikirlərinə belə davam edib:

"İlk günlərdə formanın aşağı olması bizi təəccübləndirmədi. Bu, gözlənilən idi. Amma ümumilikdə futbolçular məşqlərdə səy göstərib daha optimal formaya çatmağa çalışırlar.

İlkin mərhələ üçün fikrimizdəkiləri yerinə yetirə bildik. Əlbəttə, heyətin daha yaxşı komplektləşməsini istəyərdik.

Amma bizdən asılı olmayan məsələlər var ki, onların da üzərində işləyirik. Qarşıdakı günlərdə istədiyimiz oyunçuların da komandaya qoşulacağına inanıram”.

42 yaşlı çalışdırıcı klubun yeni transferləri, Türkiyə toplanışı və Konfrans Liqasındakı rəqibi “Fehervar” barədə də fikirlərini bölüşüb:

“Yeni oyunçular Səlahət Ağayev, İlkin Qırtımov və Felipe Santosun uyğunlaşma ilə bağlı ümumi məşq prosesində və kənarda çətinlik çəkdiklərinə inanmıram.

Çünki “Qəbələ”də sadəcə komanda deyil, bir ailə formalaşıb. Adaptasiya uzun çəkməyəcək. Qarşıda iki həftəlik Türkiyə toplanışı var.

Bu, komandaya daha çox taktiki planda lazımdır. Bu iki matçda komandanın optimal formaya yaxınlaşacağına inanıram.

“Fehervar” barədə müəyyən məlumata sahibik. Qarşıdakı günlərdə daha detallı analiz aparacağıq.

Çünki çempionat bitib, hələ heyətdəki dəyişikliklər dəqiqləşməyib. Rəqibin indiki oyunlarına da baxmaq lazımdır”.

"Qəbələ"nin "Fehervar"la ilk oyunu iyulun 21-i Macarıstanda, cavab görüşü isə iyulun 28-də Qəbələdə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti