Yəqin ki, «Qəbələ» rəhbərliyi indi öz-özünə deyir indi: bax, belə-belə işlər…
VİP-lojadan hər şey başqa cür görünmür. Hər şey elə göründüyü kimidir: komanda ciddi düşüş və təlaş içindədir.
Mövsümün sonuna doğru getdikcə, həyacanı artan və üzərində basqı hiss edən futbolçular bütün bunların təsiri ilə səndirləyir. Ayağa qalxmaq çətindir, gərək tez-tez yıxılmayasan.
«Qəbələ» dörd turdur ki, qələbənin intizarını çəkir. Liderlər qrupunu təşkil edən «Qarabağ» və «Neftçi»yə məğlub olub, «Zirə»dən 1 xal qoparmaq hardasa başadüşüləndir,
«Keşlə»ni uda bilməmək isə...
Elmar Baxşıyevi dünənki 2 xalın itkisi hələ çox yandırıb-yaxacaq. Son tur öncəsi bu 2 xalın yeri elə görünəcək, elə görünəcək…Fəxrəddinin müsibəti bunun yanında yalan olacaq.
Yaxşı oyuna heç nə vermirlər, qaldı ki xal. 90 dəqiqə ərzində 10 yox, lap 100 qol epizodu yarat, sonda qələbə hesabını əldə edə bilmirsənsə, sən heç kimə lazım deyilsən.
Baxşıyev hər dəfə gözəl oyundan danışmaqla, yaxaladıqları qol vəziyyətlərini saymaqla özünə və futbolçularına yaxşılıq etmir, əksinə, zərər vurur.
Say, say, qurtarma. Hə, nə olsun? Nəticəni göstər, deyim, kimsən, nəçisən.
Əlbəttə, məhdud büdcə və qısırlı heyətlə medallar uğrunda mübarizəni son dövrəyə qədər uzatmaq böyük işdir, deyərdim ki, hətta qəhrəmanlıqdır.
«Qəbələ» camiəsi ən sürəkli və davamlı alqışlara layiqdir. Belə məqamda dayanmaq olmaz, hər halda iştah dil altında qalmalıdır.
Bura kimi gəlib, avrokubok şansını sonda əldən vermək «Qəbələ»ni yaralıyacaq, əzmini və həvəsini qıracaq.
Baxşıyev o günü fikirləşsin ki, vədə yetişəndə rəhbərlik yaxşı oyunu xatırlayıb, telinə sığal çəkməyəcək.
Turnir cədvəlini önünə qoyub, hesab soracaqlar. «Sabah»la aradakı məsafə 5 xallıq fərqədək «əriyib».
Ciddiyətini bir az da artırsın. Nə qədər ki, gec deyil.
KAMİL

