"Onun cavabını hələ verməmişəm, amma mütləq verəcəm"

12 Avqust 2020 17:24 Qarabağ 1 565
"Onun cavabını hələ verməmişəm, amma mütləq verəcəm"

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın bu ilin əvvəlində heyətinə qatdığı Ovusu Kvabenanın növbəti avrokubok mövsümündə, eləcə də çempionatda komandasına fayda verəcəyinə inam böyükdür.

“Köhlən atlar”ın Qəbələ toplanışında sərgilədiyi oyunla ümidləri doğruldan qanalı futbolçunun artıq kollektivə uyğunlaşdığını söyləmək olar.

Əslində çoxdan uyğunlaşmalıydı. Sadəcə, bəxti onda gətirmədi ki, Azərbaycanda top qovmağa başlayandan az sonra çempionat dayandı, ardınca uzunmüddətli fasilə yarandı.

İndiyə qədər yalnız İspaniyada futbol oynayan, müxtəlif vaxtlarda “Toledo”, “Ovyedo”, “Kartagena”, “Slamanka” və “Kordoba”nın şərəfini qoruyan Ovusu 2019-cu ildə Qana yığmasına da çağrılıb.

Mahir Əmrəlinin həmyaşıdı olan (hər ikisi 1997-ci ildəndi) qaradərili yarımmüdafiəçi yolunu azmasa, “Qarabağ”a böyük fayda verə biləcək potensiala sahibdir.

- Təxminən 4 aylıq fasilə və yenidən ağır məşqlər, yoldaşlıq oyunları. Yorğunluq var?
- Futbol həyatımızın bir parçasıdı. Bu oyunla məşğul olmağa kimsə bizə məcbur etməyib, özümüz seçmişik. Ona görə də nədənsə gileylənmək haqqımız yoxdu. Bəli, xeyli vaxt idi futbolsuz qalmışdıq. Lakin bu o demək deyil ki, məşq etmirdik, ancaq yeyib-yatırdıq. Bəlkə də 4 ay boyunca məşqsiz qalsaydıq, indi daha çətin olardı. İlk günlər bir qədər çətinlik olsa da, sonradan işlər qaydasına düşdü. Heç bir problem yoxdu. Həmişəki qaydada məşqlərimizi edib, oyunlara hazırlaşırıq.

- Uyğunlaşa bilirsən?
- Yarım ildən çoxdu Azərbaycandayam. Bu müddət ərzində komanda yoldaşlarımı, klubda çalışanları tanımağa çalışmışam. O cümlədən baş məşqçinin bizdən nə tələb etdiyini bilirəm. Hər şey qaydasındadı, hamı ilə münasibətim yaxşıdı. Məncə, uyğunlaşmışam (gülür).

- Çempionlar Liqasındakı starta çox az vaxt qalıb. Özündən və komandandan nə gözləyirsən?
- Bilirsiz, ya yox – baş məşqçi şans versə, bu mənim avrokuboklarda debütüm olacaq. Razılaşarsız ki, Çempionlar Liqası kimi mötəbər turnirdə çıxış etmək hər bir futbolçunun arzusudu, o cümlədən mənim. “Qarabağ”ı seçəndə bu məqama xüsusi önəm vermişdim. Ona görə də güclü rəqiblərlə oyunlarda bacardığımın ən yaxşısını edəcəm. Dediyim kimi, baş məşqçi şans verəcəyi təqdirdə. Komandamıza və komanda yoldaşlarıma inanıram. Yaxşı hazırlıq keçmişik, bacarıqlı futbolçularımız var. İstəyimiz bacardıqca irəli getməkdi. Rəqibin kimliyindən də çox şey asılıdı. Lakin istənilən halda uğurlu olacağımıza inanıram.

- Bildiyin kimi, təsnifat mərhələsinin oyunları boş tribunalar önündə keçiriləcək. Təsəvvür edə bilirsən?
- Bu barədə futbolçularla öz aramızda danışırıq. Açığı, təsəvvür etmək mümkün deyil. Məsələn, mən özüm futbolu azarkeşlər üçün oynayıram. Tribunada çox fanat olanda adam daha çox həvəslənir, nəsə etməyə çalışır. Nə edək? Nəyisə dəyişə bilmərik. Qərar belədisə, oynamalıyıq. İstənilən halda məqsədimiz bir olmalıdı – mərhələ adlamaq.

- Boş tribunalar önündə Bakıda, yoxsa səfərdə oynamaq daha maraqlı olar?
- Maraqlı olmayacaq, bu dəqiqdi. Amma mən oyunun Bakıda olmasını istəyirəm. Ümid edirəm ki, belə də olacaq.

- İndiyə qədər İspaniyanın müxtəlif komandalarının uğurları üçün tər tökmüsən. “Qarabağ”ı onlardan fərqləndirən cəhət nədi? İndiyə qədər hansı fərqləri görmüsən?
- İspaniya və Azərbaycan futbolu arasında böyük fərq var, bunu siz məndən yaxşı bilirsiz. Həm oyun planında, həm də başqa cəhətlərdə. Ona görə də necə müqayisə aparacağımı bilmirəm.

- Oyun mənasında demirəm. Ab-hava, kollektivçilik, peşəkarlıq və s.
- Düzünü desəm, oynadığım klubların heç birində pis münasibət görməmişəm. İspaniyada peşəkarlığa önəm verirlər. Gördüyüm qədər “Qarabağ”da da belədi. Mehribanlıq, dost münasibəti – məncə, bunları fərqləndirmək olmaz. İspaniya klublarında necədisə, “Qarabağ”da da elədi. Xüsusi fərq görmürəm. Fərq odu ki, orda indiyə qədər avrokuboklarda oynaya bilməmişdim, burda mümkün olacaq.

- Bəs çempionluq sevinci?
- Bunu da maraqlı fakt kimi qeyd etmək olar. Təəssüf ki, çempionat tez başa çatdı, çempionluq mübarizəsində “Qarabağ”a qollarımla fayda verə bilmədim. Qismət olsa, növbəti il.

- Sanki “Qarabağ”a yeni gəldiyində özünü tək hiss edirdin. Vild-Donald Gerye ilə Kevin Medinanın keçidindən sonra özünə dostlar qazanmısan. Geryenin səhifəsində baxıram, həmişə bir yerdəsiz.
- Dostlar qazanmısan deməyək, çünki onlar gələnə qədər də yaxşı dostlarım var idi. Daha doğrusu, komandada hamı bir-biri ilə dostdu. Sadəcə, afrikalılar, qaradərililər harda bir-birini görürlərsə, tez qaynayıb-qarışırlar, deyib-gülür, zarafatlaşırlar. Mənim üçün Gerye ilə Bədavinin, yaxud Medina ilə Qaranın fərqi yoxdu. Hamısı qardaşlarımdı.

- Gerye bu yaxınlarda bir video paylaşmışdı. Üçünüz oturduğunuz masada Vild-Donald xəbərin olmadan içdiyin meyvə şirəsinin içinə duz tökür və sən onu içirsən. Sosial şəbəkə üçün bilərəkdən hazırlanmış çarx idi, yoxsa həqiqətən elə olmuşdu?
- (gülür) Yox-yox, bilməyərəkdən olmuşdu. Daha doğrusu, içkiyə duz tökməyindən xəbərim olmamışdı. Olsaydı, içməzdim onu. Təbii ki, zarafat idi, arada aramızda belə şeylər olur.

- İncimirsən?
- Niyə inciyim ki?! Bir qədər fərqlisini də mən ona edirəm. Tək ikimizin arasında olmur, başqa futbolçularla da bu cür zarafatlarımız var. Hər komandada olan şeydi.

- Maraqlıdı, Geryenin cavabını necə verdin, ya da verəcəksən?
- Hələ verməmişəm, amma mütləq verəcəm. Necə? Onu demərəm axı. Qarşıda vaxtımız çoxdu, nəsə bir şey fikirləşəcəm. Amma onun zarafatından daha axmağını edəcəm. Özünə də demişəm (gülür). Hələ ki ağlıma yaxşı ideya gəlməyib. Amma mütləq gələcək (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti