"Anama görə narahatam"

23 Mart 2020 19:40 Qarabağ 496
"Anama görə narahatam"

Sportinfo.az xəbər verir ki, koronavirusun geniş yayılması hər kəs kimi futbolçuların da həyatında böyük rol oynayıb.

Daim məşq meydanlarında gördüyümüz oyunçular indi evdə qalmağa, özlərini qorumağa məcburdur.

Həmişə gəzməyi sevən futbolçular görəsən, evdə qalmaqda çətinlik çəkirmi? “Qarabağ”ın müdafiəçisi Ailton Silva müsahibəsində məşğuliyyətindən danışıb, evdə yemək bişirməklə gününü maraqlı etdiyini bildirib.

- Virusla bağlı vəziyyət çox ciddidir. Hər kəs evdədir, çölə çıxmamağa çalışır. Dünyada minlərlə insan həyatını itirib. Belə xəbərləri eşidəndə ölənlərin sayını görəndə adam narahat olur. Biz də evdəyik. Çalışırıq ki, həkimlərin dediklərinə əməl edək, özümüzü qoruyaq.

- Özünü necə qoruyursan?

- Daha çox evdə qalıram, çölə çıxmırıq. Həkimlərin dediyi kimi, təmizlik qaydalarına riayət edirik. Belə də olmalıdır. Vəziyyət normallaşana, qaydasına düşənə qədər bu cür də davam etməliyik.

- Evdə oturmaq səni yormur?

- Təbii ki, çox sıxıcıdır. Bütün günü evdə olmaq darıxdırıcıdır. Yatırsan, qalxırsan, gün ərzində yenə eyni şeylər və yenə yatırsan. İşimlə əlaqədar daha çox çöldə olmağa alışmış biri üçün bu, gərgin bir durumdur. Belə çox çətin olur. Lakin başqa yolu da yoxdur. Vəziyyət düzələnə qədər buna məcburuq.

- Evdə hansısa iş görürsən? Yemək bişirməkdə yoldaşına kömək edirsənmi? Ev işləri görürsən?

- Təbii ki, bütün günü evdə heç nə etmədən, hərəkətdə olmadan dayanmaq çətindir. İstər-istəməz nəsə etmək, gününü maraqlı etmək istəyirsən. Mən də ev işləri görürəm, bəzən yemək bişirirəm. Yəni günü maraqlı etmək üçün bunlarla məşğul oluram.

- Braziliyada qohumlarınla danışmısanmı? Orada son vəziyyət necədir?

- Hər gün əlaqə saxlayıram. Orada da yeni yayılmağa, geniş vüsət almağa başlayıb. Vəziyyət narahatedicidir. Anama görə narahatam. Çünki o, riskli insanlar qrupuna aiddir. Onun tutulma və pis təsiretmə ehtimalı böyükdür. Qoruyucu tədbirlərə əməl etməyə çalışmaqlarını deyirəm.

- Avropada Portuqaliyada, Almaniyada oynamısan. Orada olan dostlarınla danışırsanmı? Bir çox futbolçular da bu virusa tuutlub. Keçmiş komanda yoldaşlarından varmı bu virusa tutulan?

- Dostlarım çoxdur və biz mütəmadi danışırıq. Şükür olsun ki, onların içində tutulan yoxdur. Dostlarım da bizim kimi evə çəkiliblər, özlərini qorumağa çalışırlar. Bütün qabaqlayıcı tədbirləri həyata keçirməyə çalışırlar (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti