Qurban Qurbanov gecikir - Onun "Qarabağ"da nə işi var?

21:00 Qarabağ 164
Qurban Qurbanov gecikir - Onun "Qarabağ"da nə işi var?

"Qarabağ" Qəbələ səfərindən əliboş qayıtdı. Hər halda autsayderlə görüşdə 1 xal qazanc sayıla bilməz.

Lider “Sabah”ın “Turan Tovuz”a məğlubiyyətindən sonra “Qarabağ” üçün əla fürsət yaranmışdı. Qurban Qurbanovun komandası “Qəbələ”ni məğlub etməklə birinci pilləyə yüksələ bilərdi. Amma kollektiv bu fürsəti əldən verdi.

Əslində, rəqib də kifayət qədər münasib idi. “Qəbələ” sonuncu pillələrdə qərarlaşır və hazırda çempionatın ən çox qol buraxan üç kollektivindən biridir. Sonuncu oyunda qələbə qazansa da, ümumilikdə son matçlarda yaxşı təsir bağışlamırdı. Hətta “Araz-Naxçıvan”la qarşılaşmada da qələbə qazanmasına rəğmən, “Qəbələ”ni meydanda yaxşı kollektiv kimi görməmişdik.

Bütün bunlara baxmayaraq, “Qarabağ” belə münasib rəqiblə oyunda qələbə qazanmağı bacarmadı. 90 dəqiqə ərzində çempionatın ən çox qol buraxan üç komandasından biri olan “Qəbələ”nin qapısına yol tapa bilmədi.

Amma ilk növbədə onu da qeyd etməliyik ki, “Qəbələ” bu oyunda yaxşı təsir bağışladı. Əvvəlki qarşılaşmalardan fərqli olaraq, Yeton Bekirinin yetirmələri kifayət qədər inamlı çıxış etdilər. Bəlkə də bu, “Qəbələ”nin cari mövsümdəki ən yaxşı oyunu idi. Ən azı Bekirinin rəhbərliyi altında komandanın belə inamlı çıxışını görməmişdik.

“Qəbələ” heç də yalnız müdafiəyə qapanmadı. Üç-dörd real qol imkanı əldə etdi. Topa daha çox “Qarabağ” sahib olsa da, məncə, daha real qol imkanları meydan sahiblərinin tərəfində idi. Komanda layiqli şəkildə bir xal qazandı. Bu, təsadüfün və ya bəxtin hesabına əldə olunmuş nəticə deyildi. “Qəbələ” minimum bir xala layiq idi və həmin xalı qazandı.

“Qarabağ” isə hələ də gözləntiləri doğrultmur. Azarkeşlər və futbol ictimaiyyəti axtardıqları “Qarabağ”ı görə bilmirlər.

Bu gün komandanın məğlub olmamasında Şahruddin Məmmədəliyevin böyük rolu var. Bəlkə də “Qarabağ”ın ən yaxşılarından biri məhz o idi. Ən azı üç epizodda əla seyvlərlə yadda qaldı. Məncə, bu, bir çox suallara cavabdır. Autsayderlə qarşılaşmada komandanın ən yaxşı futbolçusu qapıçıdırsa, deməli, meydanda ciddi problemlər var.

Əslində, sistem baxımından əvvəlki “Qarabağ”la ciddi fərq görünmür. Komanda yenə topa daha çox sahib olur, itirilən topları sürətlə geri qaytarmağa çalışır. Amma hücum fazasında rəngarənglik yoxdur. Komanda epizod yaratmaqda çətinlik çəkir. Qol vurmaq bir kənara, qol vəziyyətləri belə yarada bilmir.

Bu gün “Qəbələ” səfərində yaradılan qol imkanları nədən ibarət idi? Cərimə zərbəsindən sonra Kadinin zərbəsi, Səlahət Ağayevin səhvindən yaranan bir fürsət və 90-cı dəqiqədə ötürmələrdən sonra uzaqdan vurulan zərbə. Öyrəşdiyimiz kreativ “Qarabağ”ı görə bilmirik. Komandada rəqib müdafiəsini sürətli ötürmələrlə çaşdırıb qol vəziyyətləri yaratmağa imkan verən dinamika çatışmır.

Gedən futbolçuların hər birinin yoxluğu hiss olunur. Xüsusilə Abdullah Zubirin. Bu gün görürük ki, hətta artıq yaşlandığını, əvvəlki formasından uzaqlaşdığını düşündüyümüz dönəmdə belə, Zubir “Qarabağ” üçün nə qədər faydalı imiş. Xüsusilə cinahda gördüyü işlər, fərdi keyfiyyətləri və birəbir mübarizələrdəki üstünlüyü komandaya böyük fayda verirmiş.

İndi isə görürük ki, cinahda futbolçular rəqibi keçməyi bacarsalar da, sonrakı mərhələdə effektivlik yoxdur. Nə zərbə, nə də ötürmə baxımından lazımi faydanı verə bilirlər. “Qarabağ”ın boşluqları göz önündədir.

Düzdür, “Qarabağ” sistem komandasıdır. Bilirəm, azarkeşlər bəzən aqressiv reaksiya verirlər. Hamı eyni fikri eşitməkdən yorulub: komanda yenilənmə mərhələsindədir. Bu mərhələ nə vaxt bitəcək?

Mən də düşünürəm ki, yenilənmə prosesi gözləniləndən çox uzandı. Artıq yarım mövsümə yaxın vaxt geridə qalıb, amma “Qarabağ” hələ də müəyyən mərhələyə gəlib çatmayıb ki, deyək, yenilənmənin 50 faizi tamamlanıb, qalan hissəni də başa vurmaq lazımdır.

Ən azı qış fasiləsini gözləmək lazımdır. Çünki bir daha qeyd edirəm, “Qarabağ” sistem komandasıdır və sistemin formalaşması üçün zaman tələb olunur. Bu gün əsas heyətdə yeddi yeni futbolçu var idi. Üstəlik, sistemin əsas mövqelərində yeni simalar yer alır. Təbii ki, belə vəziyyətdə uyğunlaşma üçün zamana ehtiyac var.

Amma bu prosesin sonunda hər şeyin düzələcəyinə də zəmanət yoxdur. Ən azı qış fasiləsinə qədər gözləmək olar. Həmin vaxta qədər “Qarabağ”da ciddi dəyişiklik olmasa, bu mövsüm komanda üçün çox çətin keçəcək. Hətta indidən bunu söyləmək mümkündür. Çünki vaxt gedir.

Qış fasiləsindən sonra yaxşı “Qarabağ” görsək belə, bu gün itirilən xalları geri qaytarmaq asan olmayacaq. Çünki çempionluq mübarizəsində rəqiblər kifayət qədər iddialıdır. “Sabah” Çempionlar Liqasında mübarizə aparmasına baxmayaraq, çempionatda da xal ehtiyatı toplamağı bacarıb. “Neftçi” də yaxşı təsir bağışlayır. “Turan Tovuz” isə son qələbəsi ilə çempionluq yarışında olduğunu göstərdi. Bu baxımdan “Qarabağ” itirdiyi xalların əziyyətini hələ çox çəkə bilər.

Oyunun digər diqqətçəkən məqamı Marko Yankoviçlə Mateus Silvanın bir-biri ilə mübahisə etməsi idi. Bu futbolçular arasında yenidən gərginlik yaşandı. Napoli səfərində də onların oyunun gedişində söz atışmasına girdiklərini görmüşdük. Bu dəfə eyni hal təkrarlandı. Qurban Qurbanov isə fasilədə hər iki futbolçunu əvəzlədi. Bununla da onların davranışına sərt reaksiya göstərdi.

Düşünürəm ki, bu qərar bir qədər gecikmişdi. Marko Yankoviç ən geci ötən mövsüm “Sabah”la oyundan sonra komandadan göndərilməli idi. Həmin ilk xoşagəlməz hadisədən sonra onunla yollar ayrılmalı və ya getməsi üçün şərait yaradılmalı idi. Bildiyim qədərilə, futbolçuya təkliflər də var idi.

Artıq ikinci dəfədir ki, bu oyunçu Mateus Silva ilə mübahisə edir. Amma məsələ təkcə Silva ilə münasibətlərdə deyil. Oyunun gedişində də Yankoviçin aqressiv davranışları diqqət çəkir. Sanki ötən mövsüm Çempionlar Liqasındakı çıxışından sonra ulduz xəstəliyinə tutulub və hələ də bundan qurtula bilmir. Hakimlərə qarşı aqressivdir, komanda yoldaşları ilə münasibətlərində də gərginlik hiss olunur. Bu gün Silva ilə yaşanan hadisə isə artıq ikinci belə haldır.

Məncə, bu futbolçu ilə yolları ayırmağın vaxtı çatıb. Qurban Qurbanov da mətbuat konfransında hər iki futbolçunun cəzalandırılacağını bildirdi. Maraqlıdır, cəza müddəti başa çatdıqdan sonra bu futbolçuların yenidən eyni meydanda olması nə dərəcədə effektiv olacaq? Açığı, çətin görünür.

Bu turun nəticələrindən sonra çempionluq mübarizəsi bir qədər də qızışdı. “Turan Tovuz”un qələbəsi, “Sabah”ın xal itkisi və “Qarabağ”ın büdrəməsi yarışdakı gərginliyi artırdı. Qarşıda “Sabah” – “Neftçi” qarşılaşması da var. “Neftçi” qələbə qazansa, çempionluq mübarizəsində intriqa daha da artacaq.

Gərginlik artıq hiss olunur və görünən odur ki, qarşıdakı turlarda bu mübarizə daha da qızışacaq.

Bizə isə zövqlə izləmək qalır...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti