COP29

“Qarabağ”ın “transfer boğça”sı - Niyə hər gün geri dönürlər?

23 May 20:20 Qarabağ 5 036
“Qarabağ”ın “transfer boğça”sı - Niyə hər gün geri dönürlər?

Son zamanlar “Qarabağ”ın sabiq futbolçuları Mahir Emreli, Musa Qurbanlının və Kadi Borxesin geri qayıtması xəbərləri səngimək bilmir.

Hətta bu başlıqla internetdə axtarış versək, görərik ki, adıçəkilən futbolçular “hər gün geri dönür”.

Bunu bizim üçün pis xəbər də adlandırmaq olar. Həm Mahirin, həm Musanın gedişi ümidimizi artırıb, bizi sevindirmişdi. İndi kim istəyərdi ki, ölkəsini uğurla təmsil edən bu futbolçular yenidən ölkə çempionatının qapısını döysün.

Qonşu Gürcüstanın Avropadakı ulduzu Xviça Kvaratsxeliyanın oyunu ilə göz oxşamasından sonra biz də gözümüzü yığmamızın iki üzvünə dikmişdik.

Amma görünən odur ki, bu dəfə də sevincimiz qursağımızda qalacaq.

Cəmi bir neçə ay və uzağı bir il sonra həmin futbolçularla bağlı bu başlıqlı xəbərlər gözümüzü yormağa başladı: “Dinamo” Mahiri göndərmək istəyir”, “Yuqorden”in baş məşqçisi Musanın depressiyada olduğunu açıqlayıb”, “Kadi geri dönür” və s.

Millimizin iki futbolçusu Mahir və Musa “Qarabağ”dakı kimi indiki klublarında çıxış etsəydilər, çox güman ki, yuxarıda yazdığım başlıqlar fərqli formada olardı. Ya da “Yuqorden”in rəsmi səhifəsi Musanın, “Dinamo” isə Mahirin fotosunu paylaşardı. Biz də La Liqanın Arda Gülər paylaşımlarına rəy yazan türkiyəli azarkeşlər kimi sevinərdik heç olmasa...

Maraqlıdır ki, “Qarabağ”dan gedən futbolçuların aqibəti demək olar ki, hamısı bir-birinə oxşayır. Mahir Emreli 2015/2021, Musa Qurbanlı 2019/2023, Kadi Borxes isə 2021/2022-ci illərdə “Qarabağ” da çıxış edib. Bu futbolçular öz dönəmlərinə görə yaxşı oyun göstərə biliblər. Nəticədə Avropada uğurlu klub olan “Qarabağ”ın sayəsində diqqətləri üzərlərinə çəkiblər.

Bəs, Avropaya gedən futbolçularımız niyə uğursuz olur?

Bunların başlıca səbəblərindən biri Azərbaycan çempionatında rəqabətin olmaması, tərəfdarların daxili oyunlarda futbolçulara nəinki təzyiq, hətta dəstək belə göstərməməsidir. Boş tribunalar önündəki çıxış dolu meydanlarla çıxışlardan fərqlidir.

Nəticədə rahatlığa öyrəşən futbolçular xarici klublarda çətinliklərlə üzləşirlər. Ya təzyiqlərə dözmürlər, ya baş məşqçilərlə isti münasibətlər qura bilmirlər, ya da 6 aylıq uğurlu çıxışdan sonra ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilirlər. Futbolçularımız üçün zaman dəyişsə də, aqibət dəyişmir… Nizam-intizam problemi isə hər zaman baş bəlamız olub.

Bu çətinliyi “Qarabağ”lılar üçün Qurban Qurbanov aradan qaldırır. Təcrübəli mütəxəssisin rolu barədə yazının sonunda danışacağıq.

Azərbaycan futbolunun keçmişinə baxaq...

Vaqif Cavadov, Ramil Şeydayev, Emin Mahmudov, Araz Abdullayev, Kamran Ağayev və s. bir çox futbolçular illər əvvəl Avropanın başqa klublarına getsə də, qısa müddətdən sonar ya geri dönüb, ya da orada karyerasına start verib tab gətirməyərək Azərbaycan liqasına üz tutublar.


Məsələn, Araz Abdullayev 2011/2012 mövsümündə “Neftçi”dən “Evertona” oradan da Yunanıstanın “Panionios” klubuna gedib. Uğursuzluqdan sonra isə artıq ona ehtiyac duyanlar azaldı. Son vaxtlar hər mövsümün sonunda klubunu dəyişir.

Vaqif Cavadovun “Tvente”dəki (Hollandiya) uğursuzluğu, Ramil Şeydayevin Rusiyanın bir çox klublarında az müddətdə çıxış etməsi, “Sabah”a, daha sonra “Qarabağ”a gəlməsi, Emin Mahmudovun “Spartak” və “Boavişta” klublarında möhkəmlənə bilməməsi kimi bir çox nümunələr var.

Həmçinin, Kamran Ağayevin “Boavişta”da yaşadığı problemlər, Çexiyada özünə yer tapmaması da bu qəbildəndir.

Əgər 10 il bundan öncə Vaqif Cavadov, Ramil Şeydayev, Emin Mahmudov, Araz Abdullayev, Kamran Ağayev kimi oyunçular gedib möhkəmlənə bilməyib geri qayıdırdısa, yenə eyni halları yaşayırıq.

Elə Mahir Emreli “Legiya”dan ciddi problemlə ayrıldı, “Dinamo”ya xorvatların polşalılara borcu qarşılığında keçən forvard burada da özünü sübut etməkdə çətinlik çəkdi.

“Legiya”da ən azından yarım il əsas oyunçulardan biri olsa da, Zaqreb təmsilçisində heç də əsas fiqura çevrilə bilmədi.

Qeyd edək ki, yuxarıda sadaladığım hallar yalnız yerli futbolçulara yox, Azərbaycanda çıxış edən legionerlərə də aiddir, əksəriyyəti "Qarabağ"ın üzvləri olmaqla...

Buna misal olaraq hazırda Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeydanı nümunə göstərə bilərik. Braziliyalı futbolçu illik 1 milyon dollar müqabilində Qazaxıstanın “Astana” klubuna getsə də, uğursuz çıxışlarından sonra geri döndü.

Bunun davamı olaraq Dino Ndlovu, Dani Kintana, Donald Gerye, Reynaldo və s. kimi futbolçuların adını çəkə bilərik

Legionerlərin də uğursuz çıxışını görəndən sonra Qurban Qurbanov amilini gözardı etmək olmaz. “Qarabağ”da çıxış etmiş yerli oyunçuların təzyiqlərdən, əcnəbilərlə düzgün münasibət qura bilməməsindən əlavə Qurban Qurbanova ehtiyac duyduğu da açıq aşkar görünür. Çünki təcrübəli mütəxəssis onların keyfiyyətini açmaqda mahirdir, nizam-intizamı qorumasına da ciddi nəzarət edir. Bunu təkcə biz yox, oyunçuların özü də dilə gətirir. Təcrübəli məşqçi futbolçularını düzgün idarə etməyin yollarına bələddir.

“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak açıqlamasında bildirmişdi ki, Qurban Qurbanov gecələr bəzən bizə deyir ki, olduğunuz yerin “konum”unu atın.

Bəlkə, “Qarabağ”da qazanılan bütün uğurlar elə o mesajdan başlayır (qafqazinfo)...

Fidan Etibar

Digər Xəbərlər
Xəbər Lenti