COP29

"Qurban Qurbanov qətiyyən buna imkan verməz" - MÜSAHİBƏ

20 Aprel 09:40 Qarabağ 2 474
"Qurban Qurbanov qətiyyən buna imkan verməz" - MÜSAHİBƏ

"Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov Premyer Liqanın 30-cu turunda "Sabah"a 2:3 hesablı məğlubiyyət haqda Sportinfo.az-a müsahibə verib.

- Niyə məğlub oldunuz?

- Çox gərgin oyun keçdi. "Sabah" ev oyunlarında daha yaxşı mübarizə aparır. Buna baxmayaraq çox yaxşı imkanlar yaxalaya bildik, amma istifadə edə bilmədik. Bu oyunu unudub, növbəti qarşılaşmalara hazırlaşacağıq.

- Erkən qoldan sonra rahat qələbə qazanacağınızı ehtimal etmək olardı. İlk qolun ardını gətirməyə nə mane oldu?

- Futbolda belə şeylər normaldır. Meydanda hər an hər şey dəyişə bilir. Heç zaman rahatlaşmaq olmaz. Erkən qol vurduq, amma ardınca fürsətləri qaçırdıq. "Sabah" isə əlinə düşən imkanlardan maksimum yararlanıb qələbə qazandı. Rəqibi təbrik edirəm. Özümüzə isə növbəti görüşlərdə uğurlar arzu edirəm.

- Renduliçin "Qarabağ"a qarşı ilk matçı idi. Sizi nə ilə təəccübləndirə bildi?

- Yeni baş məşqçi gələndə futbolçu hər zaman öz potensialını maksimum göstərməyə çalışır. Bu gün də meydana çıxanlar heyətdə yerini qorumaq üçün bütün gücünü meydanda qoydu. Fikrimcə, "Sabah"ın bugünkü qələbəsində həmin məqamın böyük rolu oldu.

- 18 oyunluq məğlubiyyətsiz seriyanız başa çatdı. Bundan sonra oyunlara motivasiya olmaq çətin olmayacaq?

- Xeyr, çətin olmayacaq. Qurban müəllim elə bir məşqçidir ki, bizim rahatlaşmağımıza imkan verməz. Mən də komanda yoldaşlarıma inanıram ki, növbəti oyunlardan əvvəlki kimi qələbələrə davam edəcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti